RUEN

“İnsan Haqqları Uğrunda” İctimai Birliyin Beynəlxalq Layihəsi

The Decline of Europe

Əvvəlki bölməNövbəti bölmə The Decline of Europe — Birinci hissə. Multikulturalizmin böhranı haqda

Birinci hissə. Multikulturalizmin böhranı haqda

Əsas səhifə Niyə məhz Almaniya? Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı haqda Monitorinqin məqsədləri, xarakteri və metodologiyası haqda Birinci hissə. Multikulturalizmin böhranı haqda İkinci Hissə. Korrupsiya Üçüncü Hissə. İfadə azadliğinin pozulması Dördüncü Hissə. Almaniyanin penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər və qanunvericilik praktikasındaki qüsurlar Beşinci Hissə. Etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi Altıncı Hissə. Almaniyanın təhsil sistemində insan haqlarına riayət olunması Yekun “İnsan haqları uğrunda” İctimai Birlik

Almaniyada multikulturalizm ideyasının iflasa uğraması haqqında artıq dövlətin birinci şəxslərinin özləri də çoxdandır rəsmən danışırlar. Belə ki, Almaniya kansleri Angela Merkel 2010-cu ilin oktyabr ayında Xristian-Demokrat İttifaqının (XDİ) üzvləri ilə keçirdiyi görüşdə bəyan etmişdi ki, Almaniyada multikultural cəmiyyət qurmaq cəhdləri “tamamilə iflasa uğrayıb”. A.Merkel demişdi: “Bizim hal-hazırda yan-yana yaşamağımızın və özümüzü bundan xoşbəxt saymağımızın əsasında dayanan konsepsiya artıq işləmir”. Kansler daha sonra gur səslə bəyan etmişdi ki, immiqrantlar alman cəmiyyətinə inteqrasiya olunmalı, Almaniyanın mədəniyyətini və dəyərlərini qəbul etməlidirlər. Bu bəyanat böhran yaşayan Avropa İttifaqındakı ümumi əhval-ruhiyyənin inikasına çevrildi. Lakin bu bəyanatın müstəsna əhəmiyyəti onda idi ki, bu bəyanatla həmişə, xüsusilə də XX əsrin ikinci yarısında digər xalqların nümayəndələrinin ünvanına kəskin ifadələr işlətməkdən yayınan bir ölkənin lideri çıxış etmişdi. Bu bəyanat Almaniyada immiqrasiya məsələsi ətrafında qızğın debatlara təkan verdi və bu sahədəki mübahisələri nəzərəçarpacaq dərəcədə gücləndirdi.

Merkelin fikirləri özünün yetərincə açıq olması ilə heyrət doğururdu. Almanların II dünya müharibəsindən bəri öz milli mədəniyyətlərinin üstünlüyü haqda ehtiyatla danışdıqları halda indi bu məsələdən həvəslə söz açması da heyrətamiz idi. Bənzər bəyanatın mümkün sosial və geosiyasi nəticələri nəzərə alınmaqla o, lap əvvəldən əksəriyyət tərəfindən ifrat ciddiyyətlə qarşılandı. Bu bəyanat lap əvvəldən daha geniş qavrayış kontekstində - immiqrasiya probleminə təkcə almanların yox, bütün Avropanın reaksiyası kimi - müvafiq fikir yaratmağa doğru aparmalı idi. Belə də oldu.

Böyük Britaniyanın baş naziri D.Kemeron və Fransa prezidenti N.Sarkozi də 2011-ci ilin əvvəlində A.Merkelin bu rəyi ilə razılaşdılar. D.Kemeron 2011-ci ildə Münhendə keçirilən konfransda multikulturalizm haqda aşağıdakı fikirləri söylədi: “Böyük Britaniyada bəzi gənclər özlərini valideynlərinin təcrübədən çıxardığı, tətbiq etdiyi ənənəvi İslam praktikası ilə çox çətinliklə bir arada görürlər. Lakin bu gənc insanlar özlərini elə Britaniya ilə də çox çətinliklə təcəssüm etdirirlər. Bunlar ona görə baş verir ki, biz öz kollektiv identikliyimizin zəifləməsinə imkan vermişik. Biz onların bir parçası olmağı istəyəcəyi cəmiyyəti necə görmək lazım olması yollarını təklif edə bilməmişik. Biz həmçinin ayrı-ayrı icmaların belə davranmasına dözümlü yanaşmışıq. Halbuki bu davranış bizim dəyərlərimizə tamamilə ziddir”.

N.Sarkozi də bir neçə gündən sonra britaniyalı lideri müdafiə etdi: “Mənim cavabım şübhəsiz ki, “hə”dir. Multikulturalizm uğursuzluqdur. Biz ölkəmizə gələn şəxslərin identikliyi məsələsinin qayğısını həddən artıq çəkdik, onları qəbul edən ölkənin identikliyi barədə lazımi qədər narahatlıq keçirmədik. Əgər sən Fransaya gəlirsənsə, milli icmanın bir parçası olmağa razılıq verirsən. Əgər sən bunu etmək istəmirsənsə, səni burada heç kim gözləmir. Bizim bu məsələyə yanaşmamız multikulturalizmdən - “biz yanaşı yaşayacaq və bir-birimizi qiymətləndirəcəyik” baxışlarından ibarət idi. Bu yanaşma tərzi iflasa uğradı, tam iflasa uğradı”.

Niderland baş nazirinin müavini Maksim Verxagen, Avropa Şurasının baş katibi və Norveçin keçmiş baş naziri Turbörn Yaqland, Belçika və Avstraliyanın keçmiş baş nazirləri İv Leterm və Con Hovard, eləcə də digərləri sonralar oxşar bəyanatlarla çıxış etmişdilər. Multikulturalizmin paradiqmasına uyğun olaraq mədəni müxtəliflikləri dərk etmək ədalətliliyin əsas şərtidir, cəmiyyət isə onda güclü olur ki, orada yaşayan bütün insanlar olduqları kimi qəbul edilsinlər. Multikulturalizmin təzadı isə nəzəri postulatlarla onların realizasiyasının praktik gerçəklikləri arasındakı uyğunsuzluq nəticəsində yaranır. Başqa sözlə, həmin təzad da özünü göstərir ki, milli azlıqların (onların mədəniyyətinin, həyat tərzinin və s.) yüksəlişi multikulturalizmin əsas prinsiplərinə - açıqlıq və tolerantlıq prinsiplərinə zidd çıxmağa başladığı nöqtəyə çatmış olsun.

Digər xalq və millətlərə tolerant münasibət bəsləmək üçün şərait yaradan səbəblər ona gətirib çıxarır ki, cəmiyyətdə müəyyən tabular meydana gəlir. Bu tabular isə cəmiyyətin əksəriyyətinin öz şəxsi identikliyini büruzə vermək və miqrantların (hər şeydən əvvəl isə müsəlmanların) həyat tərzini tənqid etmək imkanlarını məhdudlaşdırır. Mədəniyyətlər arasındakı dialoq multikulturalizmin mahiyyətini təşkil etsə də müxtəlif xalqların nümayəndələri arasındakı hər cür müzakirələr belə mühitdə yaxşı qarşılanmır.

Multikulturalizm əvəzinə tolerantlıq

Məlumdur ki, multikulturalizmin əsas prinsipi “mədəni həyatın müxtəlif formalarının bərabər hüquqlarla yanaşı mövcud olması” (müasir alman filosofu Yurgen Habermas), yəni azlıqla çoxluğun bərabər hüquqlara malik olmasıdır. Bu prinsip həmin azlığı dəstəkləmək və müdafiə etməklə bağlı xüsusi proqramın mövcudluğunu tələb edir. Azlığın dəstəklənməsi proqramının dövlət siyasətinin sadəcə bir xəttinə yox, ümumən bütün sosial-siyasi sistemin tərkib hissəsinə çevrilməsi vacibdir.

Multikulturalizm cəmiyyətin etnomədəni, dini və s. təməllərə söykənən sosial strukturların qarşılıqlı əlaqəsi üzərində qurulmasını nəzərdə tutur. Ərazi suverenliyi prinsipi millətin əlindədir. Multikulturalizm isə vətəndaşlıq haqqında qanunun, sosial müdafiə sisteminin və ümumiyyətlə bütün sosial siyasətin, təhsilin, seçki sisteminin, əmək hüququnun və əmək bazarının tənzimlənməsi qaydalarının, miqrasiya qanunvericiliyinin ən başlıca prinsipinə çevrilir.

Ötən əsrin 60-cı illərinin sonlarında Avropada meydana çıxan multikulturalizm öz mahiyyəti etibarilə işçi miqrantların cəlb edilməsi siyasətinin ideologiyasına və hüquqi əsasına çevrilmişdi. Onun rəsmən qəbul olunması həmişə “açıq qapı” siyasətini ifadə edib. Multikulturalizm - ayrıca götürülmüş bir ölkədə və ümumiyyətlə, bütün dünyada mədəni müxtəlifliyin qorunub saxlanmasına və inkişafına yönəlmiş siyasət və bu siyasəti əsaslandıran bir ideologiyadır. Müxtəlif mədəni qruplar (onlar da etnik və dini olmaqla iki yerə bölünür) multikulturalizm çərçivəsi daxilində kollektiv hüquqlara malik olur və  onlar siyasət, mədəniyyət və təhsil sahəsində vahid subyekt qismində çıxış edə bilirlər. Lakin müxtəlif qruplar multikulturalizmin vəziyyətini qoruyub saxlamaq üçün nəinki təkcə öz şəxsi identikliyinə sahib olmalı, həm də bu identikliyi yeniləmək imkanlarına malik olmalıdır.

Multikulturalizmin alternativi assimilyasiyadır, etnik-milli xüsusiyyətlərdən könüllü, çox vaxt isə məcburi imtina və səni qəbul edən cəmiyyətin xüsusiyyətlərini mənimsəməkdir. Kompromis variant kimi akkulturasiya da gündəmə gəlməkdədir. Bu zaman müxtəlif etnik qruplar bir-birinə yaxınlaşır, davranış normaları, tarixin şərh edilməsi kimi məsələlərdə münasibətləri yumşaldır, lakin eyni zamanda öz milli sərhədlərini qoruyub saxlayır və vahid bir cəmiyyət halında qaynayıb-qarışmırlar. BMT-nin insan hüquqlarına dair Ümumi Bəyannaməsi azadlıq hüququnu, milli və mədəni özgürlük hüququnu, milliyyət və ünsiyyət dili seçmək hüququnu, dini inanc hüququnu elan edir. Buna baxmayaraq bunlar faktiki olaraq şifahi bəyanatdan o yana keçmir və bu hüquqlar gündəlik həyatda tətbiq edilmir.

Almaniya da daxil olmaqla Avropa ölkələri isə son illər insan haqlarının yanından uğurla ötüb keçərək assimilyasiya layihələrini bir qədər də irəli aparırlar. Almaniya ənənəvi olaraq homogen (eyni mənşəli) alman cəmiyyəti üzərində qurulan bir dövlətdir. Son onilliklərdə qloballaşma şəraitində miqrasiya axınları əhəmiyyətli dərəcədə güclənmişdir. İmmiqrasiya prosesi XX əsrin ikinci yarısından etibarən eyni zamanda bir neçə istiqamətdə gedib. İşçi qüvvəsinin cəlb edilməsi bu dövrdə güclü şəkildə inkişaf edən alman iqtisadiyyatı üçün vacib idi. XX əsrdə iki güclü immiqrasiya dalğası olmuş, bunun da nəticəsində 80-ci illərdə Almaniyada adambaşına düşən immiqrantların xüsusi çəkisi hətta ABŞ, Kanada və Avstraliya kimi klassik immiqrasiya ölkələrinin də analoji göstəricilərini üstələmişdi.

Bu gün Almaniyada miqrant keçmişinə malik 15 milyondan artıq adam yaşayır. Federal Statistika İdarəsi müəyyən edib ki, bu siyahıya Almaniyaya köçmüş bütün şəxslər, həmçinin valideynlərindən ən azı biri mühacir olan və bu ölkədə doğulan uşaqlar daxildir. Onların təxminən 7 milyonu əcnəbilərdir. Təxminən 8 milyonu isə müvafiq ərizə verərək alman vətəndaşlığı alıb. Buna görə də onlar alman mənşəli 4 milyon köçkünün siyahısına aid edilir. Köçkünlərdən sonra digər ən böyük qrupları Türkiyədən (2,5 milyon nəfər) və keçmiş Yuqoslaviyadan və ya onun varisi olan dövlətlərdən (1,5 milyon nəfər) olan immiqrantlar təşkil edir.

Almaniyada yaşayan müsəlmanların sayı 4 milyon nəfərə yaxındır. Miqrantların çoxu ixtisassız işçi qüvvəsi kimi işləyir. Belə ki, Almaniya onları ilk növbədə məhz elə bu növ işlər üçün cəlb edib. Tədqiqatlar da göstərir ki, Almaniyada miqrant ailələrindən çıxan şəxslərin sosial nərdivanla yüksəlməsi və ya öz iqtisadi vəziyyətini yaxşılaşdırması çətindir.

Almaniya hökuməti muzdlu işçilərin nəhəng kütləsini ölkəyə buraxanda bunun müvəqqəti hal olmasına ümid edirdi. Lakin müharibədən sonra - 50-ci illərdəki iqtisadi bumun ardınca əsasən Cənubi Avropa ölkələrindən, həmçinin İtaliyadan, Türkiyədən, sonralar isə qonşu ölkələrdən Almaniyaya axışan miqrant-qastarbayterlərin əksəriyyəti elə bu ölkədə də qaldı. Alman cəmiyyəti ənənəvi olaraq qapalı cəmiyyətdir. O, miqrantların bu qrupunu qəbul etməyə səy göstərmirdi. İnteqrasiya məsələsi alman cəmiyyətini və dövlətini demək olar ki, üç onillik ərzində qətiyyən maraqlandırmadı. Alman cəmiyyəti və dövləti immiqrantlara ölkəyə daxil olmaq hüququ versə də onlara cəmiyyətlə tamamilə qaynayıb-qarışmaq imkanı yaratmadılar. Alman hökumətinin məntiqi bu günə qədər də təəccüb doğurur. Axı Almaniya dünyanın ən sürətlə qocalan ölkəsidir. 2025-ci ildə təqaüdçülər Almaniya əhalisinin yarısını təşkil edəcəklər. 

Lakin hökumət 80-ci illərdə inteqrasiya məsələsi ilə maraqlanmışdı. Əsas problemi Almaniyada doğulub böyüyən, lakin alman cəmiyyətinə daxil olmayan ikinci nəsil mühacirlər məsələsi yaradırdı. Siyasi elitanın inteqrasiya problemini həll etmək cəhdləri öz əksini multikulturalizm siyasətində tapırdı. Amma məcburi şəkildə dil və inteqrasiya kurslarından keçmək tələbi kimi bəzi assimilyasiya elementləri Almaniyada həmişə mövcud olub. Əvvəllər üstündən sükutla keçilən, haqqında danışılmayan, sonradan isə multikulturalizmi doğuran problemlər yaranmış bu vəziyyətdə üst qata çıxdı. Nəticədə immiqrantlarla qarşılıqlı münasibətlərin mexanizmini heç cür işləyib hazırlaya bilməyən hökumət multikulturalizmin iflasa uğradığını bəyan etməyə məcbur oldu.

Beləliklə, Almaniyada yürüdülən multikulturalizm siyasəti yetərincə düşünülüb hazırlanmayan gecikmiş inteqrasiya siyasətinin bir hissəsinə çevrildi. Məhz bu faktın bir neçə onillik ərzində üst-üstə yığılıb qalan problemlərlə çulğaşması ona gətirib çıxardı ki, Almaniyada hakimiyyət orqanları qəfildən ayılıb belə siyasətin iflasa uğraması haqda danışmağa başladılar.

Tədqiqat qrupunun Almaniyadakı vəziyyətə dair apardığı monitorinqin nəticələri sosioloji tədqiqatların gəldiyi qənaətləri təsdiqləyir və multikulturalizm siyasətinin Avropada böhran keçirdiyini sübut edir. Bu da onunla bağlıdır ki, “multikulturalizm” termini Avropanın siyasi leksikonunda ilk növbədə daha çox “tolerantlıq” kimi anlaşılırdı. Yəni Avropa hökumətlərinin məsələyə konseptual baxışı ikinci və üçüncü nəsildən olan mühacirlərin cəmiyyətə inteqrasiyasına yox, yabançı mədəniyyətin təmsilçiləri ilə yanaşı yaşamağa daha çox dözümlü yanaşmağa əsaslanırdı. Avropa ölkələrinin hökumətləri multikulturalizm siyasətini heç də inteqrasiya məqsədilə yox, daha çox siyasi və elektoral mülahizələrdən çıxış etməklə yürüdür, bu zaman özlərinin məhdud populist və sırf praqmatik maraqlarını güdürdülər.

İmmiqrasiya siyasətinin qüsur və nöqsanları özünü “sistemli zorakılıq” adlanan vəziyyətin timsalında göstərir. “Sistemli zorakılıq” immiqrantların doğma dilində teleyayımın olmamasında, belə KİV-lərin təsis edilməsi qarşısında maneələrin yaradılmasında və gəlmələrin siyasi hərəkətsizliyinə yönələn konkret addımların atılmasında ifadə olunur. Məsələn, Almaniyanın aparıcı siyasi partiyaları, o cümlədən sol-mərkəzçi ASDP (Sosinterndə təmsil olunur) immiqrant mühitindən çıxan adamların partiya idarəetmə orqanlarında təmsilçiliyi baxımından ayrı-seçkilik vəziyyəti yaradan 15 faizlik məcburi kvota qaydası tətbiq ediblər. Multikulturalizmin iflasa uğraması barədəki söhbətlər məhz gəlmə türklərin öz dini hüquqlarının qorunmasını və “Almaniyanın miqrantlara münasibətdə inteqrasiya və adaptasiya strategiyası”nın ləğvini tələb etməyə başlamasından sonra gücləndi.

“Sarrasin işi”

Multikulturalizm siyasətinin tətbiq olunduğu dövrlərdə Almaniyada dözümsüzlüyün istənilən təzahürü metodiki şəkildə boğulurdu. Lakin Tilo Sarrasinin “Almaniya təxirə salınır” kitabının işıq üzü görməsi vəziyyəti kökündən dəyişdi. Müəllifi marginal ultra-sağ siyasi mühitin təmsilçisi yox, məhz alman bomondunun parlaq nümayəndəsi, sosial-demokrat, əvvəllər Almaniyanın üst hakim təbəqəsində güclü mövqelər tutmuş biri olan yeni “milli seqreqasiya  nəzəriyyəsi” təhrikçi amil kimi çıxış etdi.

Bu kitab alman cəmiyyətində əvvəllər üst-üstə yığılıb qalmış problemləri bütün çılpaqlığı ilə açıb göstərdi. Almanlar əvvəllər, xüsusilə II Dünya müharibəsindən sonra, formalaşıb oturuşmuş ümummilli günah kompleksi ucbatından sadəcə çəkindikləri şeylər barədə açıq danışmağa başladılar. Məlum oldu ki, dözümlü alman cəmiyyəti (Almaniyanın aparıcı sosioloji xidmətləri tərəfindən keçirilmiş rəy sorğularının nəticələrinə görə, respondentlərin 70 faizi) immiqrantlara qarşı yönələn bəyanatları dəstəkləyir.

Almaniya Federal Bankı Direktorlar Şurasının üzvü Tilo Sarrasinin kansler A.Merkelin Almaniyada multikulturalizmin iflasa uğraması barədəki bəyanatı ilə həmahəng səsləşən bu kitabı alman cəmiyyətində sözün hərfi mənasında partlayışa səbəb oldu, onu parçaladı və Almaniyanın milli-dini gələcəyi məsələsi ətrafında qızğın mübahisələrə yol açdı. 1 milyon 300 mindən artıq alman öz ölkələrinin gələcəyi barədəki tərəddüd dolu fikirlərə qoşulmaq ümidi ilə kitab mağazalarında növbəyə düzüldü.

T.Sarrasin nəyi təbliğ edir? O, əmindir ki, ərəb və türk immiqrantlarının əhəmiyyətli hissəsi alman cəmiyyətinə inteqrasiya etməyə qətiyyən hazır deyil və bunu hətta istəmir. Sarrasin bəyan edir: “İnteqrasiya mühacirin qarşısında dayanan vəzifədir. Mən bunun üçün heç nə etməyən adama dözməyə məcbur deyiləm. Mən ümumiyyətlə kiməsə, bu dövlətin vəsaiti hesabına yaşayıb elə bu dövləti də inkar edən, öz uşaqlarının təhsili barədə düşünməyən və dayanmadan dünyaya balaca “yaylıqlı qızlar” gətirən adamlara dözməyə borclu deyiləm”.

Alman solçularının fikrincə, bu kitab eyni bir qaba yığılmış ksenofobiya və faşizmdir. Lakin bu rəylər də ölkənin siyasi hakimiyyətinin qalmaqallı kitabın müəllifini gözlənilmədən müdafiə edib dəstəkləməsinə qətiyyən mane ola bilmədi. “Ümumavropa evi” konsepsiyasının mənəvi əsaslarını təşkil edən multikulturalizm ideyasından rəsmi şəkildə imtina edilməsi mahiyyət etibarilə Almaniyanın immiqrasiya siyasətində fikirlərin toqquşması hallarının artmasına gətirib çıxardı, qızğın millətçilərin və məcburi assimilyasiya tərəfdarlarının mövqelərini möhkəmləndirdi. Bu nöqteyi-nəzərdən sonradan baş verənlər - dini müəssisələrin (məscidlərin) tikintisinə tətbiq edilən məhdudiyyətlər və müxtəlif geyim növlərinə (məsələn, hicaba) qoyulan qadağalar assimilyasiya siyasəti yönündəki addımlar idi. Bu siyasətin məqsədi azadlıqların müdafiəsi və dini və etnik məhdudiyyətin bu və ya digər növləri ilə mübarizə deyildi. Əksər ekspertlərin fikrincə, bu siyasətin mahiyyət və məqsədi məcburi assimilyasiyadan və işçi miqrantları və qaçqınları alman cəmiyyətinə xas olan milli əlamətlərə malik intizamlı bürgerlərə çevirməkdən ibarət idi.

Ümumiyyətlə, Almaniya formal baxımdan elə bir dövlətdir ki, burada qeyri-tolerantlıq, dözümsüzlük - hər halda özünün ictimai təzahürü şəklində - ənənəvi olaraq qızdırılmış dəmirlə dağlanırdı. Bu yaxınlara qədər belə idi. Məsələn, ölkə ərazisində türk və ya ərəb miqrantlarının olmasının vacibliyini KİV-də müzakirə etmək “ksenofobiya” sayılırdı. Ənənəvi olaraq solçuları dəstəkləyən alman mətbuatındakı əksər məqalələrdə miqrantlar haqqında həmişə “gəlin mehriban yaşayaq”, “mədəni potensialı zənginləşdirək”, “biz multikulturalist cəmiyyətik”, “miqrantlar olmasa, biz yaşaya bilmərik” ruhunda bayağı mülahizələr olurdu. Lakin Almaniyanın hakim elitasının nümayəndəsi ilk dəfə olaraq aparıcı ictimai, ideoloji və siyasi baxışlara zidd olan fikir bildirdi. Sual edək: bu fikir doğrudanmı zidd idi? Yeni irqçilik nəzəriyyəsini kor-koranə təbliğ edib yaymağa girişmiş aparıcı alman telekanallarının və KİV-nin fəallığı alman cəmiyyətinin əksər üzvlərini, xüsusilə də milli azlıqların nümayəndələrini şübhəyə salmışdı: bu kampaniya təsadüfidirmi? T.Sarrasin bütün alman elitasının əhval-ruhiyyəsini ifadə etmir ki?

Təəssüf ki, alman isteblişmentinin əksər nümayəndələri Sarrasinin tənqidçilərinin onun baxışlarının nasist və rasist ideoloji konsepsiyası ilə əlaqəli olması barədəki iradlarını rədd edir. Lakin T.Sarrasin açıq yazır ki, Şimali Afrika və Yaxın Şərq ölkələrindən olan immiqrantlar öz intellektual səviyyələrinə görə almanlardan aşağı səviyyədə dayanır. Bütövlükdə isə onlarda yaxın qohumlar arasındakı nikah ənənəsinə görə “genetik pozuntular” var (onun verdiyi məlumata görə, bu cür “pozuntulu” adamlar Türkiyədə 20 faizdən çoxdur). Buna görə də müsəlman miqrantlar öz intellektual və peşəkarlıq səviyyələri ilə Almaniya iqtisadiyyatına və cəmiyyətinə yalnız ziyan vururlar. Onların davam edən immiqrasiyası isə ona gətirib çıxaracaq ki, Almaniya tamamilə axmaqlaşacaq...

Əgər bunlar nasizm və irqçilik deyilsə, bəs onda bu fikirlər hansı dəyərlər sisteminə məxsusdur?

Tilo Sarrasin alman isteblişmentində təsadüfi adam deyil. Onun keçmişi çox mətləbdən xəbər verir. O, 1975-ci ildən 2000-ci ilədək qısa fasilələrlə Almaniya Federativ Respublikasının, sonra isə birləşmiş Almaniyanın Maliyyə Nazirliyində çalışıb, burada bir çox mühüm komitələrə rəhbərlik edib. 1989-1990-cı illərdə ADR-in (sosialist Almaniyasının) “udulması” ilə bağlı həyata keçirilən pul islahatı layihəsi ilə məhz Sarrasin məşğul olmuşdu. O, 2000-2001-ci illərdə “Deutsche Bahn” dövlət şirkətində çalışıb. 2002-2009-cu illərdə Berlin Senatının maliyyə məsələləri üzrə üzvü (paralel olaraq xeyli sayda iri şirkətlərin direktorlar şuralarının üzvü) olub. T.Sarrasin 2009-cu ilin yazında Almaniya Federal Bankı İdarə Heyətinin üzvü seçilib. O, burada pul emissiyası və nağd pulların dövriyyəsi kimi məsələlərə məsul idi. 2010-cu ilin yayının sonlarından etibarən isə T.Sarrasin bu ranqdakı iri məmurlar arasında ilk dəfə olaraq Almaniyadakı müsəlman miqrantlar məsələsini açıq şəkildə qaldırdı.

T.Sarrasin 2011-ci ildə alman nəşrlərinə verdiyi müsahibədə Almaniyada yaşayan türkləri və ərəbləri alman cəmiyyətinə inteqrasiya olmaq istəməməkdə günahlandırıb məzəmmət etdi. Bundan sonra ictimai qalmaqal elə miqyas aldı ki, Almaniya Federal Bankının rəhbərliyi Sarrasini bir sıra istiqamətlər üzrə rəhbər vəzifələrdən kənarlaşdırdı.

“Biz doğrudan da əsl axmaqlaşma yolundayıq” - deyə 65 yaşlı bankir Sahibkarlar İttifaqının Essendə keçirilən qurultayında deyirdi. Onun fikrincə, intellekt 80 faiz genetik göstəricilərdən, cəmi 20 faiz isə təhsil və tərbiyədən asılıdır. T.Sarrasini XDİ-nin Berlin şöbəsinin daxili siyasət məsələləri üzrə eksperti Peter Trapp dəstəklədi. P.Trapp bütün miqrantlara İQ (intellekt keyfiyyəti) testi tətbiq etməyə çağırdı.

T.Sarrasinin təxribatçı çıxışları ilə eyni vaxtda Almaniyanın federal və regional hakimiyyət orqanları ictimaiyyəti sakitcə “materiallarla doyururdu”. Onlar milli seqreqasiyanın yeni ideoloqunun irqçi nəzəriyyəsini qidalandıran praktiki materiallar idi. Qəfil təsadüf - Sarrasinin kitabının çapdan çıxması, A.Merkelin gurultulu bəyanatı və alman hökumətinin sifarişi ilə keçirilmiş “sosioloji rəy sorğularının” gözlənilməz nəticələri “qeyri-intellektual xalqların” sıxışdırılması xəttini götürən birləşmiş Almaniyanın yeni milli siyasətinin başlanmasını öncədən xəbər verirdi.

Belə ki, alman hökumətinin sifarişi ilə miqrantlar arasında keçirilmiş sosioloji tədqiqatların nəticələri 2011-ci ilin aprelində məlum oldu. Bəlli oldu ki, məsələn, Almaniyadakı hər 4 türkdən biri alman dilini bilmir, hər iki türkdən biri isə almanlarla praktiki olaraq ünsiyyətə girmir. Almaniyada yaşayan polyakların demək olar ki, 67, yunanların isə 60 faizi tam orta təhsillidir. Bu göstərici italyanlar və keçmiş Yuqoslaviyadan olan immiqrantlar arasında 44-45 faizə yaxındır. Türklər arasında yalnız 41 faizdir. Sosial müavinətlər hesabına yaşayan türklərin sayı (öz qrupları üzrə) 15 faizə qədərdir. Yunanlar arasındakı bu göstərici isə yalnız 7,5 faiz təşkil edir.

Almaniyanın daxili işlər naziri Tomas de Mezyerin verdiyi məlumata görə, Almaniyadakı miqrantların 10 faizindən 15 faizinə qədəri alman cəmiyyətinə inteqrasiya olunmaqdan açıq şəkildə imtina edir. 2011-ci il iyunun əvvəllərində Almaniyanın Daxili İşlər Nazirliyi Aşağı Saksoniya Kriminologiya İnstitutunun (KFN) apardığı tədqiqatların nəticələrini dərc etməyə icazə verdi. Bunun sayəsində gözlənilmədən “bəlli oldu” ki, Almaniyadakı inanclı müsəlman gənclər cinayətlərə və zorakılığa daha çox meylli olmaları ilə seçilirlər. Tədqiqatların gedişində 15-19 yaş arasında olan təxminən 45 min yeniyetmənin rəyi soruşulmuşdu. Onların 10 mini miqrantların, o cümlədən müsəlman ölkələrindən gəlmə şəxslərin uşaqları idi. Əldə edilmiş nəticələr yenə də Almaniyanın daxili işlər naziri Tomas de Mezyerin icazəsindən sonra elan olunmuşdu. Bütün bunlar isə Almaniya hökumətinin millətçilik və irqçilik əhval-ruhiyyəsinin, ksenofobiya, o cümlədən islamofobiya meyllərinin artmasından narahat olduğunu dönə-dönə bəyan elədiyi dövrdə baş verirdi.

Lakin dövlətin təbliğat maşını işləməkdə davam edirdi. Tədqiqatın nəticələrinə görə, “inanclı” müsəlmanlar qrupuna daxil olan şəxslərin demək olar ki, hər 4 nəfərindən biri (23,5 faiz) öz həmyaşıdlarına qarşı azı bir dəfə zorakılığa əl atıb və ya oğurluq edib. Özünü “qeyri-dindar” kimi təqdim etmiş müsəlman yeniyetmələr arasındakı qanun pozucularının xüsusi çəkisi isə nəzərəçarpacaq dərəcədə az idi - cəmi 19,6 faiz. 5-dən çox zorakı hərəkət törətmiş bu yeniyetmələrin 10,2 faizi özünü “çox dindar”, 9,2 faizi “dindar” və yalnız 7,7 faizi “qeyri-dindar” kimi təqdim etmişdi.

Katolik və ya protestant dininə mənsub yeniyetmələr arasında zorakılığa meyllilik isə bir qədər azdır. Xristian ölkələrindən - Polşa, Slovakiya, Rusiya və Baltikyanı ölkələrdən olan miqrantlar arasında isə aqressiv yeniyetmələrin xüsusi çəkisi “dindarlar” qrupu üzrə 21,8, “qeyri-dindarlar” qrupu üzrə isə cəmi 12,4 faiz təşkil edirdi.

Aktiv millətçilik kampaniyasının nəticələri göz qabağındadır. İctimai rəyə səpilmiş ksenofobiya toxumları məhsul vermişdi. Emnid İctimai Rəy İnstitutunun 2011-ci ilin sentyabrında “Bild” nəşri üçün keçirdiyi sorğunun nəticələri göstərdi ki, əgər Tilo Sarrasinin partiyası yaransa, Almaniya əhalisinin 18,7 faizi ona səs verməyə hazırdır. Yeri gəlmişkən, T.Sarrasinin özünün də üzvü olduğu Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) tərəfdarları arasında isə onun pərəstişkarlarının sayı daha çox idi - 29 faiz. XDİ/XSS blokundan olan mərkəzçiləri dəstəkləyənlər arasında Sarrasinin partiyasına səs verməyə hazır olanlar isə 17 faiz təşkil edirdi.

“Sarrasin almanlardan ötrü onların hamısının ürəyində olan fikirləri ilk dəfə açıq şəkildə dilə gətirən adam oldu” - deyə Emnid İnstitutunun direktoru Klaus-Peter Şoeppner bəyan etmişdir. Onun fikrincə, almanlar Asiya və Afrikadan olan miqrantların sayının artmasından narahat idi, amma bu problemin müzakirə edilməsinə uzun müddət qeyri-rəsmi şəkildə qadağa qoyulmuşdu.

ZDF teleşirkətinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Almaniya vətəndaşlarının 56 faizi Sarrasinin tezisləri ilə razılaşıb, onların yalnız 28 faizi bu tezislərə mənfi münasibət bəsləyib.

Almaniyanın ali siyasi isteblişmenti T.Sarrasinin kitabını əvvəlcə süngü ilə qarşıladı. Lakin ölkənin aparıcı siyasətçiləri sonralar immiqrasiya siyasətinə dair müzakirələrin gedişində etiraf etdilər ki, multikulturalizm Almaniyada müsbət nəticələr vermədi.

Əlbəttə, burada ən başlıca sual ondan ibarətdir ki, Almaniya elitası T.Sarrasinlə qəfildən niyə razılaşdı. Bu sualın ən sadə cavabı budur ki, elita “vurulmuş” məmurun ideyalarının alman cəmiyyəti tərəfindən hansı böyük dəstəyi aldığını gördü. Almaniya demokratik ölkə olduğu üçün orada xalqın da rəyi ilə bəzən hər halda hesablaşırlar.

Bu, əlbəttə ki, məntiqli arqumentdir. Lakin bu arqument aşağıdakı suallara cavab vermir: əvvəllər üzərinə çox sərt qadağa qoyulmuş bir mövzu niyə qəfildən bütün cəmiyyətə açıq elan olundu? Dövlət orqanları qapalı sosioloji rəy sorğuları və tədqiqatlarının gizli nəticələrini niyə açıb-tökməyə başladı? Öz karyerasını darmadağın etmək spesifik olsa da hər halda peşəkar alman məmuru T.Sarrasinin nəyinə lazım idi, bu, hansı tələbatdan irəli gəlirdi?

Düsseldorf parlamentinin deputatı Arif Ünalın sözlərinə görə, elitanın böyük hissəsi “Sarrasin işi”nin arxasında dayanırdı. Belə ki, onun kitabı işıq üzü görəndən dərhal sonra alman təbliğat maşınının bütün gücü yeni ideoloqun şəxsiyyətinin və ideyalarının təbliği işinə yönəldildi. Sanki hansısa gözəgörünməz qüvvə bütün ölkəni Sarrasinin irqçiliyi haqda danışmağa məcbur elədi.

Bizim qənaətimizə görə, Almaniyanın multikulturalizmdən imtina etməsinin səbəbi ictimai müstəvidən daha çox iqtisadi, qismən isə siyasi müstəvidə gizlənir. Lakin bu səbəbləri anlamaq üçün Almaniyadakı miqrant icmasının özlüyündə nə demək olduğunu izah etmək lazımdır.

Yeni antiimmiqrant siyasətinin gizlin səbəbi 

2009-cu ilə olan məlumatlara görə, ölkədə yaşayan 82 milyon nəfərdən 7,22 milyon nəfəri əcnəbilərdir. Əcnəbilərin 1/4 hissəsi türklər və kürdlərdir. Keçmiş Yuqoslaviya respublikalarının vətəndaşları 12,5 faizə qədər təşkil edir. İmmiqrantların 15 faizindən çoxu Yaxın Şərq və Şimali Afrika ölkələrindən (Livan, İordaniya, Suriya, İraq, Misir, Əlcəzair, Mərakeş və s.), həmçinin Əfqanıstandan olanlardır. 12 faizi isə qara Afrika ölkələrindən (Somali, Nigeriya və s.) olan gəlmələrdir. Bununla yanaşı onu da qeyd edək ki, ana dili alman dili olmayan 8 milyona yaxın insan artıq AFR vətəndaşlığı alıb və formal baxımdan miqrant sayılmırlar. Beləliklə, hazırda Almaniyanın demək olar ki, hər 5 sakinindən biri alman deyil.

1991-1999-cu illərdə Almaniyaya xalis miqrant axını 3,2 milyon nəfər təşkil edib. Lakin XXI əsrin artıq ilk onilliyində bu axın azalıb. 2000-2008-ci illərdə bu ölkəyə cəmi 970 min miqrant gəlib. Özü də 2008-ci ildə son 30 ildə ilk dəfə olaraq 56 min nəfərlik mənfi saldo qeydə alınıb. 2009-cu ildə Almaniyaya 721 min adam daxil olub, bu ölkəni isə 734 min nəfər tərk edib. Göründüyü kimi, elə almanların özləri də Almaniyadan getməyə başlayıb. Təkcə 2009-cu ildə 155 min etnik alman öz ölkəsini tərk edib. Özü də əsasən öz ölkəsinin gələcəyinə ümid və inamını itirən ixtisaslı mütəxəssislər çıxıb gedirlər. Onlar İsveçrəyə, Avstriyaya, Kanadaya, ABŞ-a, Yeni Zelandiyaya və Avstraliyaya köçürlər.

Bu amil alman siyasi elitasını öz baxışlarını yenidən nəzərdən keçirməyə vadar edən birinci səbəbdir. Axı çoxsaylı hiyləgərlik və kələklərə baxmayaraq Almaniya bu elita tərəfindən heç də köklü sakinlərin də tərk etdiyi, qaçıb getdiyi polietnik dövlət orqanizmi kimi yox, milli və monoetnik dövlət kimi təqdim edilir.

Bu cür qəfildən “ayılıb dərketmənin” ikinci və heç də az əhəmiyyət kəsb etməyən səbəbi isə acı iqtisadi reallıq idi. 2008-ci il böhranından sonra qəti şəkildə aydın oldu ki, Avropa İttifaqı ölkələrinin böyük hissəsi ya reanimasiya palatasındadır, ya da bu palatanın astanasındadır. Mahiyyət etibarilə indiki Avropa İttifaqı Fransanın nisbi dəstəyi nəzərə alınmaq şərti ilə yalnız Almaniyanın hesabına ayaq üstdə durur.

Alman iqtisadiyyatı hazırda təkcə sürətli artım tempinə malik deyil, o, həm də bir daha sübut etdi ki, məhsulları Çin, Braziliya, Hindistan və bir sıra digər dövlətlər tərəfindən alınan unikal bir sektora -  maşınqayırma sektoruna malikdir.

Xatırladaq ki, Almaniya iqtisadiyyatının bel sütunu olan alman maşınqayırması 2009-cu ildə ağır itkilərə məruz qaldı. O zaman sifarişlərin həcmi 58 faiz azaldı, nəticədə bu sahənin müəssisələrində 33 min iş yeri ixtisar edildi. Müəssisələrin istehsalının ümumi həcmi 24,5 faiz azaldı. Lakin artıq 2010-cu ilin birinci rübündə şirkətlərin məcmu dövriyyəsi 2009-cu ilin analoji dövrü ilə müqayisədə 8,7 faiz artdı. Həmin ilin aprelində isə sifarişlərin miqdarı 2009-cu ilin analoji ayı ilə müqayisədə 36 faiz çoxaldı.

Lakin əgər Almaniya tədricən Çin, Braziliya, Hindistan və digər dövlətlərin getdikcə artıb inkişaf edən iqtisadiyyatından da məhsuldar olmağa başlayırsa, həmçinin onun rəqabətə davamlılığının əsas şərti mürəkkəb və elmtutumlu maşınqayırmadırsa, onda yarım əsr əvvəl Almaniyanı xarabalıqlardan çıxarıb bu səviyyəyə qaldırmış milyonlarla az təhsilli və mədəni baxımdan yad miqrantlar indi ona lazım deyil. Axı maşınqayırma müəssisələrində nə türklər, nə əfqanlar, nə də misirlilər çalışmır, yeni mürəkkəb texnikanı onlar yaratmır, onlar elm sahəsində də praktiki olaraq yoxdurlar. Küçə ticarəti, bərbərxanalarda, avtoservisdə çalışmaq və yaxud sadəcə olaraq sosial müavinət hesabına yaşamaq - onların əsas məşğuliyyəti budur (hələ narkotik ticarətini, fahişəxanalar işlətməyi və buna bənzər digər işləri demirik). Bunlar isə Almaniyanı üzdə-öndə saxlayan işlər deyil.

Miqrantları cəlb etmək tərəfdarlarının əlində əvvəllər daşdan keçən əsas var idi - Almaniya iqtisadiyyatının inkişafını təmin etmək üçün bu sahəyə əcnəbilərin axını lazımdır. Amma məlum oldu ki, miqrantdan miqranta fərq var. Demoqrafik vəziyyətin pis olduğu Almaniyanın şərq torpaqlarındakı peşə məktəblərində almanlar çatışmırdı. Almanlar bu problemi nəinki təkcə təhsil, həm də iş yerləri zəmanəti verdikləri gənc polyakların hesabına uğurla həll etdilər.

Rəsmi Berlinin öz daxili siyasətini yenidən nəzərdən keçirməsinin üçüncü əhəmiyyətli səbəbi büdcənin sosial-iqtisadi xərcləri məsələsi oldu. Səndələməkdə olan Avropa İttifaqına yardım etmək baha başa gəlir və vəziyyətdən çıxış yolu yalnız sosial proqramların genişlənməsindədir.

Lakin bu, artıq Almaniyanın özündə də çoxsaylı etirazlar doğurub. Almanları başa düşmək olar. Onlar ispanlardan, yunanlardan, irlandlardan və ya italyanlardan fərqli olaraq daşınmaz əmlak və ya maliyyə sektorunda “şar üfürmə” siyasəti yürütməmişdilər. Almanların maaşlarının artımı isə son 8 ildə inflyasiyanı praktiki olaraq üstələməyib. Məhz buna görə də alman hakimiyyət orqanlarının antiimmiqrant ritorikası ona indi “bir güllə ilə iki dovşan vurmaq” - cəmiyyətin diqqətini təzə tapılmış “düşmənlərə” yönəltmək və eyni zamanda sosial ödənişlərin həcmini azaltmaq imkanı verir.

Bütün yuxarıda sadaladıqlarımızı bu kontekstdən nəzərdən keçirsək, onda aydındır ki, Tilo Sarrasinin əvvəllər Almaniya üçün ağlasığmaz olan kitabının nəşri kimi onun çıxışları da, siyasətçilərin multikulturalizmə ölüm hökmü çıxarması da eyni zəncirin müxtəlif həlqələridir. Almaniya rəsmən bəyan etdi ki, o, iqtisadiyyat, elm və sənaye sahələrində özünün dünyadakı lider mövqelərini qoruyub saxlamaqda maraqlı olan alman dövləti idi və belə olaraq da qalır. Bu ölkənin təhsilsiz və mədəni baxımdan yad immiqrantlar üçün limiti artıq tam bitib.

Bu baxımdan aşağıdakı tədbirlərin həyata keçirilməsi multikulturalizm böhranını aradan qaldırmağın yolları kimi görülür. Birincisi, hökumətlərin tolerantlığın ictimai quruculuğun əsası olması haqda sadəcə yalnız mühakimə yürütməsi yox, həm də immiqrantların inteqrasiyası sahəsində konkret addımlar atması, bu sahədəki problemləri həll etməsi lazımdır. İkincisi, təkcə mühacir qəbul edən ölkələrin vətəndaşlarında yox, elə immiqrantların özlərində də dözümlülük hissinin tərbiyə olunmasına diqqət yetirmək lazımdır. Üçüncüsü, bütün Avropa məkanında multikulturalizmin konkret qayda və prinsiplərini işləyib hazırlamaq lazımdır. Bu problem ayrı-ayrı dövlətlər səviyyəsində yox, Avropa İttifaqı səviyyəsində həll olunmalıdır. Lakin “qeyri-natural almanların” (bu termin leksikona multikulturalizm probleminin tədqiqatçısı, alim Susanna Ştempler tərəfindən gətirilmişdir) vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş bu konkret tədbirlərin reallaşdırılması yalnız o halda mümkündür ki, dövlətin özü də multikultural cəmiyyətin yaradılmasında həqiqətən də maraqlı olsun.

Lakin təkcə T.Sarrasinin kitabı ətrafında yox, həm də miqrantları qorxuya salmaq üçün məqsədyönlü şəkildə həyata keçirilən aksiyalar - “natural almanların” əsas qıcıq mənbəyi olan gəlmə türklərə qarşı törədilmiş terror aktları (indi məlum olur ki, bu teraktların arxasında müəyyən dövlət orqanları dayanır) ətrafında baş verən qalmaqallı proseslər alman isteblişmentinin başqa məqsədlərinin - digər xalqları və mədəniyyətləri assimilyasiya etmək siyasətini davam etdirmək niyyətlərinin olduğunu göstərir. Buna ən parlaq nümunə “NSU işi”, “Kabab işi” adlandırılan iş və dirilib meydana çıxan ““Ku-kluks-klan” işi”dir. Bütün bu işlərin arxasında Almaniyanın gizli xidmətləri dayanırdı.

“NSU işi” (Nasional-sosialistlərin gizli fəaliyyəti)

2000-ci ildən 2006-cı ilə qədər Almaniyada sağçı ekstremistlər tərəfindən törədilən qətllər seriyası oldu. 2000-ci ilin sentyabrından etibarən Nürnberqdə, Münhendə, Hamburqda, Rostokda, Dortmundda və Kasseldə 8 türk sahibkar öldürüldü. 2004-cü ildə isə Köln şəhərinin türklər yaşayan məhəlləsində partlayış baş verdi. Polis 2000-ci ildə Düsseldorfda yəhudi immiqrantlara hücumdan sonra olduğu kimi burada da cinayətkarların izinə düşə və onları tapa bilmədi. Bu cinayət işləri 6 il ərzində açılmamış qaldı. Baxmayaraq ki, həmin qətllərin hamısı eyni silahla - Çexiyanın istehsal etdiyi “Ceska” markalı tapança ilə törədilmişdi.

Operativ əməliyyat işləri sahəsində nəhəng təcrübəyə malik peşəkar alman polisinin bunca nümayişkaranə şəkildə törədilmiş, bunca açıq cinayətlərin üstünü açmağa nədənsə gücünün çatmaması uzun müddət şübhə doğurdu. Bu cinayət işlərində dəlil-sübut lazım olandan da çox idi. Buna baxmayaraq istintaq-təhqiqat işləri ölü nöqtədən yenə də tərpənmirdi. Təhqiqatın gedişində dönüş nöqtəsi yalnız 2007-ci ildə Haylbronn şəhərində bir qadın polis elə həmin tapançadan açılan atəşlə öldürüləndən sonra yarandı. Polis yalnız irqçi terrorçuların hakimiyyət orqanları nümayəndəsinə diş qıcamasından sonra bəyan etdi ki, Almaniyada 1998-ci ildən bəri “işləyən” neonasist bandası zərərsizləşdirilib.

Hüquq-mühafizə orqanları yalnız 2011-ci ilin noyabrında, yəni azı 10 qətl törətmiş “Nasional-sosialistlərin gizli fəaliyyəti” (NSU) təşkilatının yaradılmasından 11 il sonra bəyan etdilər ki, bu gizli fəaliyyətə son qoyulub. Polis bu təşkilatın 8 türk immiqrantının qətlindəki iştirakını dərhal sübuta yetirdi. Lakin bu işdəki ən başlıca sensasiya jurnalist araşdırmaları nəticəsində əldə edilmiş bir informasiya idi. Həmin informasiya belə idi ki, bu neonasist qruplaşmanın bütün təşkilatçıları məxfi əməkdaşlar, yəni alman xüsusi xidmət orqanlarının agentləri olub.

Bu qruplaşmanın yaradıcıları olan 36 yaşlı Beata Tsşepe, professor övladı Uve Mundlos və ixtisassız fəhlə Uve Benhardt gizli agentlər idilər və xüsusi xidmət orqanları onların fəaliyyəti barədə hələ 1995-ci ildən məlumatlı idi. Saksoniya-Anhalt federal torpağı dövlət təhlükəsizliyi xidmətinin arxivlərində Uve Mundlosun 1995-ci ilin iyununda hərbi əks-kəşfiyyat xidmətinin (MAD) əməkdaşları tərəfindən sorğu-sual edilməsinə dair sənədlərin surətləri aşkarlandı. Bundan əlavə, həmin sənədlərin surətləri digər xüsusi xidmət orqanlarının - Konstitusiyanı Mühafizə Federal Xidmətinin və Türingiya və Saksoniyanın təhlükəsizlik orqanlarının arxivlərində saxlanırdı. 2011-ci ilin noyabrında Bundestaqda bu işin təhqiqatına başlayan xüsusi istintaq komissiyası yaradılandan sonra deputatlar hərbi əks-kəşfiyyat xidmətinə sorğu ilə müraciət edərək “NSU işi” üzrə arxiv sənədlərinin onlara verilməsini tələb etdilər. Lakin alman əks-kəşfiyyatı bu işlə bağlı özündə olan bütün materialları məhv edərək onları deputat komissiyasına verməkdən faktiki olaraq imtina etdi.

Alman polisində “KU-KLUKS-KLAN işi”

Yaradıcıları alman polisinin məxfi əməkdaşları olan NSU təşkilatının işi ilə alman polislərinin irqçi Amerika təşkilatı “Ku-kluks-klan”dakı iştirakı arasındakı heyrətamiz qarşılıqlı əlaqəni üzə çıxarmaq mümkündür. Alman polisi Mişel Kizevetteri 2007-ci ildə məhz NSU aradan götürmüşdü. Lakin tezliklə məlum oldu ki, onun iki iş yoldaşı sən demə, “Ku-kluks-klan”ın üzvü imiş. O da üzə çıxdı ki, bu iki polis əməkdaşı, o cümlədən neonasistlər tərəfindən qətlə yetirilmiş Mişel Kizevetterin bilavasitə rəhbəri hələ 2002-ci ildən etibarən “Avropanın ağ cəngavərləri KKK, Almaniya filialı” qruplaşmasının üzvləri olublar. Onlardan biri bu qruplaşmada yarım il, digəri bir qədər az üzv olublar. Bu işdə ən dəhşətli məqam o idi ki, Baden-Vürtemberq federal torpağının Daxili İşlər Nazirliyi “Ku-kluks-klan”ın alman filialının liderinin mənzilində aparılmış axtarışdan sonra həmin polis əməkdaşlarının KKK-ya mənsubluğu barədə hələ 2003-cü ildə informasiya almışdı. Lakin bu polis əməkdaşları DİN-dəki xidmətlərinin davam etdirirdilər və cəzasız qalmışdılar.

Hətta 2012-ci ildə Bundestaqın bir sıra deputatlarının, o cümlədən sosial-demokrat fraksiyasının üzvü Sebastyan Edatinin alman polislərinin irqçi təşkilatlarla əlaqəsi məsələsini qaldırmasından sonra da Almaniya DİN öz əməkdaşlarının cəzalandırılması, xüsusilə də M.Kizevetterin qətli ilə bağlı müvafiq xidməti araşdırmanın aparılması üçün heç bir tədbir görmədi. Polis və prokurorluq “NSU işi” ilə “Ku-kluks-klan” arasındakı qarşılıqlı əlaqəni üzə çıxarmaq üçün də müvafiq araşdırma aparmadılar. Halbuki gizli fəaliyyət göstərən nasistlər tərəfindən öldürülmüş qadın polisin iş yoldaşları qanunsuz təşkilatın üzvləri idilər. Bu isə ölkənin istintaq orqanlarında müəyyən şübhələr yaratmalı idi.

Saksoniyada neonasizm

Saksoniya alman federal torpağı, 2012-ci ilin mayı: “Bautsen şəhərində iki kişi Kolumbiyadan mübadilə proqramı əsasında gəlmiş bir tələbəyə hücum edirlər. Onlar tələbəni ləyaqətsiz söyüşlərlə təhqir edir və təpikləyirlər. Hoyersverddə sağçı ekstremistlər alman Bundestaqının (Almaniya parlamentinin) deputatının kabinetini mühasirəyə alırlar. Onlar kabinetin pəncərələrinin sındırır və oradakı xidmətçiyə hücum edirlər. Limbax-Oberfronda neonasistlər alternativ təhsil mərkəzinə hücum təşkil edirlər. Geythaynda bir pakistanlıya məxsus “Bollywood” adlı pitseriyanın qarşısında əldəqayırma partlayıcı qurğu işə salınır. Pitseriyanın sahibi Sayyal neonasistlər tərəfindən təqiblərə məruz qalmasından danışır. Deyir ki, beş aydan - pitseriyanın açdığı gündən bəri təqiblərə məruz qalır. Elə birinci günün axşamı onlar obyektin şüşələrini sındırıblar. May ayında üzlərində maska, əllərində bıçaq olan 10 nəfərdən ibarət qrup restoranın qabağında peyda olub. Onlar qapını döyür, pəncərələrə daş atır və belə qışqırırdılar: “Sən murdar əcnəbisən. Əlimizə düşəcəksən. Əgər buradan rədd olub getməsən, biz səni öldürəcəyik”. Bir həftədən sonra restoran partladılaraq dağıdıldı. Gənclər hər gün Geythayn şəhərinin (Leypsiq rayonu) mərkəzinə toplaşaraq pivə içir və uca səslə nasist mahnıları oxuyurlar. Hamı bir-birini nasistlər kimi salamlayır, bəzən antisemit şüarlar da qışqırırlar”.

Bütün bu faktları 2012-ci ildə məşhur alman təhqiqatçı-jurnalisti Maksimilian Popp üzə çıxarıb. Həmin gənclər isə hazırda faktiki olaraq milli və irqi seqreqasiya (parçalanma) ideyalarını təbliğ edən Almaniya Milli-Demokrat Partiyasının (AMDP) fəallarıdır. Ultrasağ milliyyətçi (de-fakto nasist) partiya olan AMDP Almaniyada tamamilə leqal fəaliyyət göstərir. Bundan əlavə, partiya rəsmən dövlət qeydiyyatından keçib, seçkilərdə iştirak edir və bələdiyyələrdə yerlər əldə edərək Almaniyanın şərq əyalətlərində güclü mövqelər tutur. Bu partiya 2004-cü ildə Saksoniya parlamentinə seçkilərdə seçicilərin 9,2 faizinin səsini qazanmışdı. 2009-cu ildə isə Bundestaqa seçkilər zamanı nasist partiyasına 635525 seçici səs vermişdi. Bu partiyanın fəalları faktiki olaraq nasist təbliğatı aparır və polisin və digər hüquq-mühafizə orqanlarının səhlənkarlığı şəraitində əhalini qorxudurlar. Neonasistlərin partiyası alman cəmiyyəti üzərində 1968-ci ildən bəri hələ bu cür güclü təsirə malik olmamışdı.

“Ştern” həftəliyinin aparıcı əməkdaşı Kati Qlogerin qənaətinə görə, Almaniya hökuməti, Bundestaq və bundesrat AMDP-ni bağlamağa dəfələrlə səy göstərsə və Almaniya Federal Konstitusiya Məhkəməsi buna bənzər təşəbbüsləri rədd etsə də AMDP millətçilik baxışlarının tərəfdarı kimi çıxış etməkdə davam edir. Lakin partiyanın proqram sənədlərində nasist təbliğatının və simvolikasının elementləri formal şəkildə də olsa yoxdur deyə ali məhkəmə instansiyası onun qeydiyyatının ləğvi üçün formal əsaslara da malik deyil. Bəs Saksoniyadakı hadisələr, həmçinin AMDP üzvü Ralf Vollebenin “NSU işi”nə bağlılığı bu partiyanın bağlanması və onun dövlət qeydiyyatının ləğvi üçün formal əsas deyilmi? Yoxsa sadəcə olaraq alman hökumətinin tənqidçilərinin haqqında bərkdən danışdığı “dövlət içindəki dövlət” (“deep state”) multikulturalizmin xanım Merkelin də təəssüflə qeyd etdiyi həmin bu iflasını şərtləndirən həqiqi və səmərəli rıçaqı itirməkdə maraqlı deyil?

Söz yox, Bundestaqın deputatı Viola fon Kramerin (Yaşıllar fraksiyası) verdiyi informasiyaya görə, AMDP Almaniyanın xüsusi xidmət orqanları ilə sıx bağlıdır və partiyanın fəaliyyəti təhlükəsizlik xidmətinin maliyyə yardımı ilə həyata keçirilir. Nəinki təkcə Bundestaqın, ümumiyyətlə, həm də Avropa Parlamentinin ən nüfuzlu deputatlarından birinin (xanım V.fon Kramer Avropa Parlamenti Komitəsinin sədri vəzifəsini tutur) bu fikirlərindən sonra anlamaq çətin deyil ki, Federal Konstitusiya Məhkəməsi Bundestaqın nasistlərin qeydiyyatını ləğv etmək tələbini niyə rədd edir.

Bütün bu hadisələr Almaniyada nasional-sosialistlərin gizli fəaliyyətinin üstünün açılmasından sonra baş verir. Lakin alman hakimiyyət orqanları faşizm və rasizm hərəkatının yeni dalğasına qarşı çıxmağa nədənsə tələsmirlər. Əksinə, Almaniyanın hakimiyyət orqanları rahat və əlverişli mövqe tutaraq problemin mövcudluğunu yerli-dibli inkar edirlər. NSU-nun fəaliyyəti dövründə olduğu kimi. Gəl yüksək rütbəli alman məmurlarının dediklərinə diqqət yetirək. Saksoniyanın daxili işlər naziri, sağ-mərkəzçi XDİ-dən olan Markus Ulbiq miqrantların mənzillərini talan etməyə çağıran yerli nasistlərin faşizm ideologiyasını açıq-aşkar təbliğ etmək vasitəsinə çevrilmiş “Azad şəbəkə”ni adicə internet-portaldan, bir növ nasistlər üçün Facebook-dan başqa bir şey saymır. Saksoniyanın baş naziri, xristian-demokrat Stanislav Tillix isə bəyan edib ki, onun rəhbərlik etdiyi torpaqda ultrasağ ekstremizmlə bağlı elə də ciddi problem yoxdur.

Halbuki NSU-nu yaradan və öz fəaliyyətini 10 il ərzində açıq şəkildə davam etdirən məşhur “üçlük” məhz Saksoniyada hərəkət edirdi. Bununla bərabər hakimiyyət qrupları gizli nasist fəaliyyətinin davam etdiyi dövrdə olduğu kimi bu qrupun ləğvindən (yaxud özünü ləğv etməsindən?) sonra da orta məktəblərdə şagirdlər arasında aparılan nasist təbliğatını laqeydcəsinə müşahidə edirlər. Nasistlər gəncləri öz tərəflərinə çəkməyə çalışır. Elə təəssürat yaranır ki, yerli nasist təşkilatına dövlət orqanları tərəfindən himayədarlıq olunur. Nümunə olaraq deyək ki, irqçilərə müqavimət göstərməyə çalışan, onların fəaliyyətini ifşa edən və onların fəaliyyət azadlığını məhdudlaşdırmağa çağıran hər kəs dərhal hədəfə çevrilib təqib olunmağa başlayır. Bunun ən parlaq nümunəsi məşhur alman jurnalisti, bədii qiraət təşkilatçısı, antifaşizm məzmunlu səs-küylü jurnalist araşdırmalarının müəllifi Günter Valrafın taleyidir. O, neonasistlər tərəfindən təqiblərə məruz qalmışdı.

Neonasistlərin özbaşınalığın yaranmasına və qayda-qanunun pozulmasına yönələn barbarlığı polisin praktiki olaraq mütləq səhlənkarlığı şəraitində baş verir. Buna misal olaraq Saksoniya DİN-də neonasist zorakılığının qurbanı olmuş vətəndaşların telefon zənglərinin açıqlanmasını göstərmək olar. Polislər vətəndaşların şikayətlərinə şübhəli şəkildə biganəliklə yanaşıblar. Saksoniya vətəndaşlarının polisə ünvanlanan telefon zənglərini alman jurnalisti Maksimilian Popp 2012-ci il, iyunun 13-də “Şpigel” həftəliyində dərc olunan “Nasistlər Almaniyanın ayrı-ayrı rayonlarında firavanlıq içindədir” başlıqlı səs-küylü məqaləsində açıqlayıb. Buyurun, “Şpigel”in açıqladığı stenoqramdan Almaniya polis orqanlarının hərəkətsizliyinə dair daha bir parlaq nümunə:

“Saat 07:49, bir qadın zəng edir:

- Qolditsdəki Sofienplatsda indicə nəsə baş verəcək.

- Orada məhz nə baş verir?

- Bura maskalı adamlarla doludur.

- Hə, nə olsun?!

- Onlar hər şeyi təpikləyir və vurub dağıdır.

Saat 07:51, bir kişi zəng edir:

 - Bura, Qolditsdəki Sofienplatsa 50-dən artıq maskalı adam yığışıb.

 - Bəs siz niyə zəng edirsiniz?

 - Çünki bu oğlanlar binanı dağıdır, hər şeyi vurur, döyür, partlayıcılar atır.

 Saat 08:04, bir qadın zəng edir:

 - Onlar Sofienplatsda hər şeyi darmadağın etdilər. Və burada, gənclər klubunda nəyisə yandırmaq istəyirlər. Hər halda mən belə eşitdim.

 - Əlbəttə, əgər siz dağıntıların və vurulan zərərin şahidisinizsə, istənilən vaxt polis məntəqəsinə gələ və ərizə yaza bilərsiniz.

 Saat 08:44, bir kişi zəng edir:

 - Onlar artıq 4 pəncərəni sındırdılar.

 - Bəs siz məndən nə istəyirsiniz? Nədir, yoxsa mən gəlib bu pəncərələrin qabağında durmalıyam? Yaxud siz nəyi gözləyirsiniz?”

İrqçilik dalğasının Almaniyanın əksər şəhər və əyalətlərindəki (o cümlədən Bavariyadakı; nasizmin güclənməsinə səhlənkar münasibət bəzən ona gətirib çıxarır ki, elə polislərin özləri də nasistlərin qurbanına çevrilir. Məsələn, bütün Almaniya neonasist olduğu ehtimal edilən birinin Passau şəhərinin polis rəisi, sağçı ekstremizmlə məşhur və ardıcıl mübariz Alois Mannixlə hücumdan şoka düşmüşdü. A.Mannixl həmin hücum zamanı ağır bıçaq yarası almışdı) yüksəlişi də “NSU işi”ndə olduğu kimi, hüquq-mühafizə orqanlarının və alman dövlət maşınının lal-dinməz razılığı ilə baş verir. Elə təəssürat yaranır ki, alman hakimiyyət orqanları “qeyri-natural almanların” Almaniyadan çıxıb getməsini təmin etmək üçün xalq qəzəbini və gəlmələrə qarşı aqressiv münasibəti qəsdən təhrik edib qızışdırırlar. İlkin nəticələr göz önündədir: türklərin timsalındakı əsas immiqrant kütləsi özünün ikinci vətənini tərk edir. Bu prosesi həm də türk iqtisadiyyatının Ərdoğan hökumətinin idarəçiliyi dövründəki gözlənilməz sıçrayışı stimullaşdırır. 22300 türk vətəndaşı Almaniyanı artıq tərk edib. Özü də əsasən yüksək ixtisaslı mütəxəssislər çıxıb gedirlər.

Almaniya İqtisadiyyat Nazirliyinin eksperti Rita Ulrix deyir: “...Çıxıb gedənlər yaxşıların ən yaxşılarıdır. Üstəlik, Almaniyaya gəlmək istəyənlər belə yüksək ixtisaslara malik deyillər”.

Almaniyanı tələsik tərk edən türk mütəxəssislərinin yerinə gələnlər isə dərin iqtisadi depressiya ilə üzləşmiş avrozona ölkələrinin vətəndaşlarıdır. Ekspertin qənaətinə görə, çıxıb gedənlər “almanların axmaq bürokratiya maşınından” xilas olurlar. Bəlkə onlar bununla özlərini və gələcək nəsillərini ildən-ilə güclənən tarixi qisasçılıqdan xilas edirlər?!

Hər halda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, daimi yaşamaq və ya işləmək üçün Almaniyaya getmək istəyənlərin sayı 11 faiz azalıb. “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatının alman şöbəsinin əməkdaşı Aleksandr Boşun verdiyi informasiyaya görə, bu günə qədər Almaniyada 6 mindən çox fəal nasist qeydə alınıb, onlar tərəfindən isə ksenofobiya zəminində 200-dən artıq cinayət törədilib.

İrqçilik Berlinə qədər də gedib çıxıb. Almaniya paytaxtının bütün şərq hissəsi miqrantlara aqressiv münasibət bəsləyən alman irqçiləri ilə doludur. Vestfaliya parlamentinin ASDP-dən olan sabiq deputatı, vəkil Klaus Hoppştadt bildirir ki, axşama doğru immiqrantların Berlinin şərq hissəsində görünməsi təhlükəlidir, çünki onlar bununla özlərini irqçilərin və nasistlərin açıq-aşkar hücumlarına məruz qalmaq kimi böyük risk qarşısında qoymuş olurlar. AMDP öz mövqelərini şəhərin bu hissəsində də davamlı olaraq gücləndirir.

“Murad Kurnazın işi”

Hakimiyyət isteblişmentinin multikulturalizmin iflasını şərtləndirən dövlət milli identifikasiya konsepsiyasının reallaşmasındakı iştirakını yuxarıda gətirilən parlaq nümunələrlə yanaşı Almaniya vətəndaşı və Quantanamo məhbusu Murad Kurnazın işi də təsdiqləyir. Dövlət “qeyri-natural almanlara” ikinci sort vətəndaşlar kimi yanaşır. Qalmaqallı “Murad Kurnaz işi” isə Almaniyanın dövlət siyasətini bürümüş utanmazlığı açıb göstərir.

Murad Kurnaz Bremendə doğulub. 11 sentyabr terror aktlarından dərhal sonra Pakistana gedib. M.Kurnaz sonralar Bundestaqın İstintaq Komitəsinə verdiyi ifadələrində etiraf edib ki, o, Pakistana “İslam dini haqqında daha çox bilik almaq üçün” gedib. 2001-ci ilin noyabrında yerli polis onu Pişəvərdə həbs edərək amerikalılara təhvil verib. Amerikalılar isə bu məhbusu ləngimədən Əfqanıstanın Qəndəhar şəhərindəki hərbi əsirlər düşərgəsinə, sonra da terrorizmdə şübhəli şəxs kimi Quantanamoya göndəriblər. M.Kurnaz Quantanamo həbsxanasında dəhşətli işgəncələrə və seksual zorakılığa məruz qalıb, döyülüb. Bunlar da öz əksini təkcə Almaniya KİV-ində yox, həm də dünyanın aparıcı nəşrlərində dərc olunmuş çoxsaylı yazılarda tapıb.

M.Kurnazın yaxın qohumlarının xahişi ilə onun hüquqlarını 2002-ci ildən etibarən vəkil Bernhard Doke qorumağa başlayıb. Vəkil isə bildirib ki, onun həbsi və düşərgədə saxlanması qanunazidd addımdır. Almaniya xüsusi xidmət orqanlarının, o cümlədən konstitusiyanın qorunması üzrə idarənin nümayəndələri 2002-ci ilin payızında Quantanamoya gedərək M.Kurnazla görüşüblər. Alman xüsusi xidmət orqanları xüsusi plan işləyib hazırlamışdılar. Bu plana uyğun olaraq həmin qurumlar M.Kurnaza onlarla əməkdaşlıq etməyi və müsəlman dünyasındakı xəbərləri almanlara ötürmək sahəsində fəaliyyətə başlamağı təklif etmişdilər. Lakin kəşfiyyat sonradan öz planlarını dəyişdi və türk məhbusa maraq öldü. Bundan əlavə, Almaniya XİN xalis formal bəhanəyə əsaslanaraq öz vətəndaşının bu ölkədə yaşamaq icazəsini ləğv etdi. “Əsas” da bu idi ki, M.Kurnaz Almaniyanı qanunda nəzərdə tutulandan daha böyük müddətə tərk edibmiş.

Murad 2006-cı il, avqustun 24-də həbsxanadan azad edilərək Almaniyaya qayıtdı. Onun Almaniyaya qayıdışından dərhal sonra siyasi qalmaqal baş qaldırdı. Məsələ burasındadır ki, xarici siyasət idarəsinin o zamankı başçısı Frank-Valter Ştaynmayer kansler Gerhard Şröderin hakimiyyəti illərində onun dəftərxanasının rəhbəri postunu tutur və buna müvafiq olaraq da M.Kurnazın işini kurasiya edirdi. Bundestaqın xeyli deputatı Ştaynmayerdən istefaya getməyi tələb etdi. Lakin o zamankı xarici işlər naziri Ştaynmayer “Şpigel”ə müsahibəsində müxalifətin qınaqlarına soyuqqanlı şəkildə belə cavab verdi: “Biz düzgün hərəkət etmişdik. Mən bu gün də eynilə həmin qərar kimi qərar verərdim”.

Almaniyanın daxili işlər naziri Otto Şili də Bundestaqın xüsusi komissiyasının suallarına cavab verərkən bəyan etmişdi ki, onun əvvəllər rəhbərlik etdiyi nazirliyin bütün idarələrinin hərəkətləri “tamamilə doğru olub”.

Almaniyada diskriminasiyaya məruz qalan rusların işi

Təkcə türk icması yox, elə keçmiş SSRİ-dən gedən yeni immiqrant dalğasının təmsilçiləri, Almaniyanın rusdilli əhalisi də diskriminasiyaya və hüquqlarının pozulması kimi hallara məruz qalırlar. Elə alman hüquq müdafiəçilərinin özlərinin fikrincə, “Almaniyadakı ruslar AFR-dəki milli azlıqlar arasında vətəndaş hüquqlarının pozulması baxımından ən çox zərərçəkən təbəqədir”.

Belə ki, Almaniya Hüquq Müdafiə İttifaqının (bu təşkilat Köln şəhərində fəaliyyət göstərir) bölmə rəhbəri Harri Mureyin sözlərinə görə, 2011-ci ildə təkcə Köln şöbəsinin ünvanına rusdilli vətəndaşlar tərəfindən təxirəsalınmaz hüquqi yardım üçün 1500-dən çox müraciət daxil olub. Son üç il ərzində Hüquq Müdafiə İttifaqı tərəfindən vətəndaşların 3762 müraciəti qəbul olunub və qeydə alınıb. H.Mureyin sözlərinə görə, rusdilli vətəndaşların hüquqları daha çox məhkəmə sistemi tərəfindən pozulur. Məhkəmələr onları tərcüməçi ilə təmin etməkdən imtina edir, məhkəmə prosesləri vəkillərin, mətbuatın və hüquq müdafiəçilərinin iştirakı olmadan keçirilir. Bu praktika isə Almaniya Federal Konstitusiya Məhkəməsinin “insanların sonrakı taleyinə təsir edə bilən məhkəmə qərarlarının sinxron şəkildə və sözbəsöz tərcümə olunmasının vacibliyi barədəki” qərarı ilə ziddiyyət təşkil edir.

Postsovet ölkələrindən, o cümlədən Rusiyadan çıxan miqrantların ən başlıca problemi Almaniya hökumətinin bu kateqoriyadan olan insanları təqaüd və sosial ödəniş almaq imkanlarından məhrum etməsidir (yeri gəlmişkən, bu qadağa alman cəmiyyətinə hələ də inteqrasiya oluna bilməyən Rusiya almanlarına da şamil edilib). Ayrı-seçkilik yaradan diskriminasiya xarakterli bu qərar hətta II Dünya müharibəsinin iştirakçılarına münasibətdə də qüvvədədir. Halbuki vermaxt ordusunda və nasistlərin hərbi birləşmələrində xidmət edən veteranlar tamamilə sabit pensiya ödənişləri alırlar.

Almaniyada rusdilli əhalinin hüquqlarının məhdudlaşdırıldığı belə bir şəraitdə isə alman cəmiyyətinin bu seqmentinin qanunvericiliklə təsbit edilən mülki və sosial hüquqlarının müdafiə olunması imkanları praktiki olaraq yoxdur. Almaniya Hüquq Müdafiə İttifaqı Almaniya hakimiyyət orqanlarının öz vətəndaşlarının, həmçinin immiqrantların hüquqlarının müdafiəsi sahəsində yürütdüyü siyasəti dəfələrlə tənqid edib. Türk icmasının hüquqlarının tapdanması və onların sıxışdırılması işində olduğu kimi, rusdilli milli azlığın hüquqlarının pozulmasına dair çoxsaylı hadisələr də insan haqları məsələsi ətrafında yaranmış vəziyyəti açıq-aydın xarakterizə və ifadə edir, milli azlıqların assimilyasiyasına, yaxud onların ölkədən zorla çıxarılmasına dair yeni konsepsiyanın məğzini açıb göstərir. Çoxsaylı presedentlər arasında xüsusən Liliya Vanzidlerin və Medvedyeva-Bernhardtın işlərini seçib ayırmaq olar. Almaniyada polis zorakılığı ilə üzləşmiş Yevgeni Skvortsovun işi də xüsusi diqqətə layiqdir.

“Yevgeni Skvortsovun işi”

Yevgeni Skvortsov rus almanıdır. O, 2003-cü ildə öz anası və bacısı ilə birgə Almaniyanın Langenfeld şəhərinə köçüb. Y.Skvortsov bura köçəndən dərhal sonra da hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.

Y.Skvortsov 2005-ci ilin sentyabrında nişanlısı ilə birlikdə dostu S.Andreyin ad gününə qonaq gedib. Gecə saat təxminən 1-də Y.Skvortsov digər qonaqlarla birgə avtomobil dayanacağına gedərkən polis patrul maşını qəfildən onlara yaxınlaşıb. Y.Skvortsov bu əraziyə gələnə qədər həmin yerdə dava olubmuş. Polislər bütün adamların pasportlarını yoxlayandan sonra həmin şəxslərdən 5 nəfərini qonşuluqdakı parkda qar təmizləməyə məcbur ediblər. Üç həftədən sonra isə Y.Skvortsovu polis məntəqəsinə dəvət edərək onun barmaq izlərini götürüblər.

Bir neçə aydan sonra - 2006-cı ilin mayında Y.Skvortsovu artıq Langenfeld şəhər məhkəməsinə çağırıblar. Burada isə o, digər “şübhəli şəxs” V.Kononovla tanış olub. Onları polisə müqavimətdə ittiham ediblər. Məhkəmədə məlum olub ki, polisin tərtib etdiyi protokollar saxta şəkildə quraşdırılıb, Y.Skvortsov V.Kononovla tanış deyilmiş, o, sentyabrın 23-də həbs edilməyib və ilkin saxlama kamerasında saxlanmayıbmış. İki “şübhəli rusun” günahını sübut edəcək dəlillər olmadığı üçün işə xitam verilib. Lakin şəhər polisinin əməkdaşları artıq 2005-ci ilin noyabrında Y.Skvortsovu oğurluq audio-video texnikanı gizlədib saxlamaqda ittiham edərək onun mənzilində axtarış aparıb. Axtarış şahidlər olmadan həyata keçirilib. Lakin immiqrantı onun yaşadığı mənzilin sahibinin velosipedini oğurlamaqda ittiham ediblər. Y.Skvortsov Almaniya Hüquq Müdafiə İttifaqının yardımı ilə qarşılıqlı iddia ərizəsi ilə çıxış edib. Nəticədə immiqrantın araşdırılmaqda olan günahı sübuta yetməyib.

Bundan düz bir ay sonra polis patrulları Y.Skvortsovu yenidən saxlayaraq yoxlayıblar. Yoxlama bu dəfə evdən bir qədər aralıda, elə küçədəcə aparılıb. Polislər Y.Skvortsovdan siqaret çəkməyi dayandırmağı tələb ediblər. İmmiqrant bu axtarışın səbəbini aydınlaşdırmağa macal tapmamış polislər hər tərəfdən onun üstünə tökülərək qəddarcasına döyüblər. Bundan sonra Y.Skvortsov huşunu itirib. O, bir də polis məntəqəsində ayılıb. Gözünü açanda qollarının qandallanmış vəziyyətdə olduğunu görüb və burada da qeyri-insani rəftarla, işgəncə və təhqirlərlə üzləşib. Polislər onu döyməkdə davam edib. Nəticədə Düsseldorf prokurorluğu 2006-cı ilin avqustunda Y.Skvortsovu asayiş mühafizəçilərinə müqavimət göstərməkdə ittiham edib. Məhkəmə isə onu 400 avro məbləğində cərimələyib. Rus əsilli immiqrant polisə alışqan və cib bıçağı ilə müqavimət göstərməyə cəhddə ittiham olunurdu. Lakin məhkəmə sonradan şahid ifadələrinə əsaslanaraq bu ittihamları Y.Skvortsovun üzərindən götürüb.

“Amnesty İnternational”ın mövqeyi

Nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty İnternational” bir il əvvəl alman hakimiyyət orqanlarını immiqrantlara ədalətsiz münasibət bəsləməyə görə tənqid etdi. Təşkilat alman hakimiyyətini siyasi qaçqın statusu almaq üçün ərizə vermiş əcnəbi vətəndaşlarla qeyri-münasib davrandığına görə kəskin tənqid atəşinə tutdu. Hüquq müdafiə təşkilatı qaçqınları işgəncələrə məruz qala biləcəkləri yerə - öz vətənlərinə sürgün etmək təcrübəsinə son qoymağı tələb etdi. “Amnesty İnternational”ın araşdırmalarına görə, burada söhbət hər şeydən əvvəl insan haqlarına riayət edilməsi probleminin ciddi narahatlıq və qınaq doğurduğu Əfqanıstan və Pakistan kimi ölkələrdən, həmçinin bəzi Afrika dövlətlərindən gedir.

“Human Rights Watch”un mövqeyi

Digər nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Watch” da Almaniyadakı qanun pozuntularını diqqətdən kənarda saxlamadı və bu ölkənin hakimiyyət orqanlarını məsuliyyətli olmağa çağırdı. Belə ki, təşkilat 2012-ci il üzrə insan haqlarının vəziyyətinə dair hesabatında xüsusi olaraq vurğuladı ki, Reynland-Pfalts federal torpağı siyasi sığınacaq istəyən şəxslərə sərbəst hərəkət etmək, bir yerdən digərinə getmək azadlığı vermiş federal torpaqlar arasında 2012-ci ilin avqustunda sayca 6-cısı olub: “Lakin digər 10 federal torpaqda siyasi sığınacaq istəmiş şəxslər məhdud coğrafi zonanın hüdudları çərçivəsində qalmalıdırlar. Bu qaydanı pozan şəxslər ya cərimə edilir, ya da həbsxanaya salınır”.

“Human Rights Watch”un verdiyi xəbərə görə, Almaniya 2012-ci ilin noyabrında BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin (İƏK) diplomatik zəmanətlər və miqrant uşaqlarının böyüklərin müşayiəti olmadan deportasiyası məsələlərinə dair sualları ilə qarşılaşmalı oldu. Bütövlükdə isə Almaniyadakı miqrantların və milli azlıqların vəziyyəti bu təşkilatda xüsusilə də multikulturalizmin böhranı fonunda ciddi narahatlıq doğurur.

BMT-nin mövqeyi

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsi (İSMHK) 2012-ci ilin iyulunda siyasi sığınacaq istəmiş şəxslərin sosial həyat tərzinin, maddi və məşğulluq təminatının, onlara göstərilən tibbi xidmətin lazımi səviyyədə olmamasından narahatlığını ifadə etdi. 

Almaniya parlamenti sentyabrda qanun qəbul edərək təhsil müəssisələrinin kollektivini hakimiyyət orqanlarını qeydiyyata düşməyən miqrantlar barədə məlumatlandırmaq öhdəliyindən azad etdi. Müxalifət partiyalarının bu qanunun səhiyyə və məhkəmə orqanları əməkdaşlarına da şamil edilməsinə nail olmaq yönündəki səyləri isə uğursuzluqla nəticələndi. İSMHK iyulda Almaniyaya tövsiyə etdi ki, bu ölkə miqrantların təhsil almasına və məşğulluğuna mane olan əngəllərin aradan qaldırılması istiqamətindəki səylərini gücləndirsin.

Oktyabrda parlament terrorizmə müqavimət haqqında qanunun müddətini daha 4 il uzatdı, həmçinin müstəqil monitorinq komissiyası təsis etdi. Qanuna görə, əldə edilmiş məlumatların nəzarətdə saxlanmasına və analizinə icazə verilir. 2010-cu ilin dekabrında Köln şəhərinin məhkəməsi Xalid əl-Məsrinin onu 2004-cü ildə Əfqanıstana verməkdə günahkar olan 13 ABŞ vətəndaşını ekstradisiya etməkdən boyun qaçıran alman hökumətinə qarşı iddiasını rədd etmişdi. Oktyabrda BMT-nin İşçi qrupu təhlükəli elan olunmuş şəxslərin preventiv qaydada saxlanması qaydaları ilə bağlı baş verən özbaşına saxlanma hallarından narahatlığını bildirdi. Mayda isə Almaniyanın Konstitusiya Məhkəməsi bu aksiyanı qeyri-konstitusion adlandırdı.

Almaniya hökumətinin mövqeyi

Kansler Angela Merkel 2010-cu ilin oktyabrında ölkəsindəki multikulturalizm siyasətinin nəticələrini təhlil edərək öz hökumətinin Almaniyada xalqların gələcəkdə yanaşı yaşaması məsələsinə dair mövqe və baxışlarını açıq bəyan elədi: “1960-cı illərin əvvəllərində bizim ölkə əcnəbi işçiləri Almaniyaya dəvət etdi və onlar indi burada yaşayır... Müəyyən müddət ərzində biz özümüz-özümüzü aldatmışıq və öz-özümüzə “onlar bizdə qalmazlar, haçansa çıxıb gedərlər” demişik. Lakin bu, baş vermədi. Əlbəttə, bizim bu məsləyə yanaşmamızın kökləri multikulturalizmə gedib çıxırdı. Ona əsaslanırdıq ki, biz yanaşı yaşayacaq və bir-birimizə dəyər verəcəyik. Bu yanaşma tərzi iflasa uğradı. Tam iflasa uğradı”.

Keçmiş müstəmləkəçi dövlətlər Böyük Britaniya və Fransadan fərqli olaraq Almaniya xalqların gələcəkdə öz mədəni başlanğıclarını qoruyub saxlamaq hüququna malik olmaları şərti ilə dinc yanaşı yaşaması ideyasını açıq-açığına rədd edirdi. Almaniya indiki təhlükəli vəziyyətdən çıxmaqla bağlı yeganə həll yolunu belə qəbul edirdi: milli azlıqların yalnız bir çıxış yolu var - ya assimilyasiya ilə barışmaq, ya da əksər immiqrantların uşaqlarının tarixi vətəninə çevrilmiş Almaniyanı tərk etmək.

Alman hakimiyyət orqanlarının rəsmi mövqeyi bundan ibarətdir ki, milli azlıqların nümayəndələri, immiqrantlar, əsasən də türk icmasının təmsilçiləri özlərindən ötrü yeni inkişaf mərhələsi olan postindustrial toplumda bir növ anklav mövcudluğunu üstün tutaraq alman cəmiyyətinə inteqrasiya olunmaqdan imtina edirlər. Yəni əhalinin bu kütləsi bir tərəfdən, inkişaf etmiş alman cəmiyyətinin siyasi və sosial nailiyyətlərinə şərik çıxaraq təminatlı və təhlükəsiz həyat imkanlarından zövq alır, digər tərəfdən isə özlərinə yad olan dəyərləri və yeni mühitin sosial əxlaqını rədd edirlər. Nəticədə öz milli və mədəni identikliyini qoruyub saxlamaq cəhdləri mədəniyyətlərarası ziddiyyətlərin güclənməsinə və dərinləşməsinə gətirib çıxarır. Bu da öz növbəsində millətçilik meyllərinin artmasına səbəb olur, alman xalqının tarixi özünəməxsusluğunun hakim rolunu sarsıdan yad mədəniyyətlərlə yanaşı yaşamaq ideyasının əksəriyyət tərəfindən inkar edilməsini gücləndirir.

Növbəti bölmə