RUEN

“İnsan Haqqları Uğrunda” İctimai Birliyin Beynəlxalq Layihəsi

The Decline of Europe

Əvvəlki bölməNövbəti bölmə The Decline of Europe — İkinci Hissə. Korrupsiya

İkinci Hissə. Korrupsiya

Əsas səhifə Niyə məhz Almaniya? Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı haqda Monitorinqin məqsədləri, xarakteri və metodologiyası haqda Birinci hissə. Multikulturalizmin böhranı haqda İkinci Hissə. Korrupsiya Üçüncü Hissə. İfadə azadliğinin pozulması Dördüncü Hissə. Almaniyanin penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər və qanunvericilik praktikasındaki qüsurlar Beşinci Hissə. Etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi Altıncı Hissə. Almaniyanın təhsil sistemində insan haqlarına riayət olunması Yekun “İnsan haqları uğrunda” İctimai Birlik

Son illərdə, xüsusilə də Almaniyanın yeni tarixinin “Şröder səhifəsindən” sonrakı mərhələsində Avropa İttifaqının bu ən inkişaf etmiş ölkəsinin başlıca sosial problemlərindən biri korrupsiya problemidir. Əlbəttə, problemli demokratiya ölkələrindən, o cümlədən postsovet ölkələrindən fərqli olaraq Almaniyada korrupsiya institusionallaşmış problem deyil. O, şübhəsiz ki, sistemdənkənar problemdir. Lakin korporativ korrupsiyanın artması bu ölkənin ictimai fikrini hər halda narahat edir. Nüfuzlu “Transparency İnternational” beynəlxalq təşkilatının müntəzəm şəkildə keçirdiyi rəy sorğularına görə, əgər 2003-cü ildə Almaniya sakinlərinin 45 faizi sistemli korrupsiyanın artacağını proqnozlaşdırırdısa, artıq 4 ildən sonra əhalinin 69 faizi korrupsiya ilə bağlı vəziyyətin gələcəkdə daha da pisləşəcəyinə inandığını bildirirdi. Almaniya sakinlərinin praktiki olaraq mütləq əksəriyyəti - 77 faizi hökumətin korrupsiya ilə mübarizə sahəsində həyata keçirdiyi tədbirlərdən narazılığını ifadə edib. Bu rəy sorğularının nəticələri öz əksini “Transparency İnternational” təşkilatının “Dünyada korrupsiyanın barometri” adlı hesabatında tapıb.

“Transparency İnternational”ın gəldiyi bu nəticələri digər beynəlxalq hökumət təşkilatları, o cümlədən A.Merkel hökumətinin siyasətini kəskin tənqid edən Avropa Şurası da bölüşüb. Avropa Şurasının Greco Komissiyası 2012-ci ilin aprelində Almaniyadakı korrupsiyaya dair xüsusi məruzə təqdim etdi. Məlum olduğu kimi, Greco Komissiyası Avropa Şurası ölkələrində korrupsiya ilə mübarizənin təhlil olunması məqsədilə Avropa ölkələri tərəfindən 1999-cu ildə yaradılıb.

Məruzədə A.Merkel hökumətinin Almaniyada korrupsiya ilə mübarizə sahəsində gördüyü işlər tənqid olunub. Üç il ərzində Almaniyadakı vəziyyətin monitorinqini aparmış Avropa Şurası komissiyasının aparıcı ekspertlərinin analitik hesablamalarına görə, alman hökuməti Avropa Şurasının tövsiyə və iradlarına heç bir halda və şəkildə reaksiya verməyib. Məlum olduğu kimi, Strasburq Almaniyadakı korrupsiya probleminə “Siemens” və “Volkwsagen” konsernləri ətrafındakı, həmçinin tikinti, xidmət sahələrindəki səs-küylü korrupsiya qalmaqalları, habelə iqtisadi cinayətlərdən 5 il keçincə onları törədən şəxslərə özünəməxsus “maliyyə amnistiyası” verilməsi, bir növ korrupsionerlərə indulgensiya haqqının tanınması və s. fonunda diqqət yetirmişdi. Almaniyanın Federal Cinayət Polisi İdarəsi tərəfindən yayılan məlumatlara görə, təkcə 2007-ci ildə, Avropa Şurası tərəfindən vəziyyətin təhlil edilməsinə dair qərar qəbul edilməsi ərəfəsində ölkədə vəzifəli şəxslərin pulla ələ alınması faktları ilə bağlı 10 minə yaxın cinayət törədilib. Federal idarənin rəisi Yorke Tsirkenin sözlərinə görə, alman xəzinəsi bu iqtisadi cinayətlər ucbatından hər il təxminən 6 milyard avro itirir.

Avropa Şurası komissiyasının analitikləri bu qənaətə gəliblər ki, Almaniyada sistemli korrupsiyanın işləməkdə davam etməsinin ən başlıca səbəblərindən biri bu ölkənin cinayət hüququnun iqtisadi cinayətkarlıqla mübarizə yollarını nəzərdə tutan hissəsinin mükəmməl olmamasıdır. Məhz buna görə də ölkənin maliyyə və iqtisadi sferalarındakı cinayətlər ölkə üzrə bütün cinayətlərin ümumi sayının 2 faizini təşkil edir. “Transparency İnternational” təşkilatının Almaniya şöbəsinin sabiq rəhbəri Hansyorq Elshorstun sözlərinə görə, “rüşvət Almaniyada biznesin bir parçasıdır”. Bundan əlavə, Almaniyada korrupsiya sahəsindəki çoxsaylı ekspertlər, o cümlədən “Business Crime Control” təşkilatının (bu təşkilatın mənzil-qərargahı Frankfurtda yerləşir) ekspertləri məmurların gəlirlərinin reallıqla uyğun gəlməməsinə diqqət çəkirlər. Onlar bildirir ki, məmurlar bəyannamələrdə öz gəlirlərini aldıqları əmlakla göstərirlər ki, bu da məmurların korrupsiyaya qurşanmasına ən gözəl sübutdur. Ekspertlərin qənaətinə görə, bu meyl son illər güclənib.

XXI əsrin birinci onilliyinin ikinci yarısında korrupsiya Almaniyada elə dərin kök saldı ki, “Transparency İnternational” təşkilatının alman şöbəsinin indiki başçısı, H.Elshorstun xələfi Silviya Şenk belə bir bəyanatla çıxış etdi: “Korrupsiya ölkədə elə bir miqyas alıb ki, Almaniyanın bütün tarixi ərzində əhalinin korrupsiyaya bulaşmaq baxımından kütləvi informasiya vasitələrini Bundestaqdan daha neqativ dəyərləndirməsi kimi bir şərait yaranıb”. “Transparency İnternational” ekspertlərinin qənaətinə görə, “Almaniyada ölkədəki korrupsiya probleminin həlli üçün sistemli yanaşma tərzi çatışmır”.

Avropa Şurasının komissiyası Almaniya hökumətini Korrupsiyaya görə cinayət və mülki-hüquqi məsuliyyət haqqında Avropa Şurası Konvensiyasını ratifikasiya etməkdən imtina etməyə görə sərt tənqid atəşinə tutdu. Bu konvensiya korrupsiyanın cinayət təqibini, hakimiyyətin icra və qanunverici qollarının korrupsiyada ittiham olunan təmsilçilərinin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutur. Almaniya sözügedən sənədi 1999-cu ildə imzalasa da onu ratifikasiya etməkdən bu günə qədər də imtina edir. 2011-ci ilin yayında Bundestaqda Avropa Şurası komissiyasının ilk tövsiyələri ətrafında qızğın müzakirələr oldu. Lakin alman deputatlar heç cürə ümumi konsensusa gələ bilməyərək Avropa Şurasının təsdiqlənməsində israr etdiyi sazişi ratifikasiya etmədilər.

Avropa Şurası bu nəticəyə gəldi ki, Almaniya hökuməti və parlamenti bununla da seçilmiş adamlardan ibarət xüsusi kasta yaradır, bu kastanın üzvləri maliyyə cinayətlərində və korrupsiyada iştirak etdiklərinə görə cəmiyyətin qalan hissəsindən fərqli olaraq cəza tədbirlərinin təsiri altına düşməyəcəklər. Məruzədə Almaniyanın siyasi partiyalarına Bundestaqın idarəsi qarşısında həcmi 50 min avronu aşmayan sponsor ödənişləri ilə bağlı hesabat verməmək hüququ verən qüsurlu qanunvericilik də tənqidlərə məruz qalırdı.

BMT-nin mövqeyi

Bundan əlavə, alman hakimiyyəti BMT-nin Korrupsiya ilə Mübarizə Konvensiyasını da təsdiqləməkdən hələ də imtina edir. Halbuki almanlar onu 2003-cü ildə imzalayıb. Alman dövlətinin qanunverici qolunun bu misilsiz qərarı BMT-nin bütün strukturları, o cümlədən BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən möhkəm tənqid olundu.

Deputatların konvensiyanı ratifikasiya etməkdən imtina şəklində üzə çıxan bu faktiki sabotajı alman isteblişmentinin nüfuzuna və ad-sanına təkcə beynəlxalq aləmdə yox, həm də ölkə daxilində ciddi zərbə vurdu. Konvensiyanın ratifikasiyasına hakim koalisiya etiraz edir. ASDP-nin timsalındakı müxalifət isə konvensiyanın təsdiqlənməsinə tərəfdar çıxır ki, bu da XDİ/XSS nümayəndələrində haqlı olaraq qınaq dolu suallar yaradır: bəs “Şröder koalisiyasının” hakimiyyəti dövründə konvensiyanı təsdiqləməkdə sosial-demokratlara nə mane olurdu?

Alman biznes elitasının bütün spektri 2012-ci ildə konvensiyanı ratifikasiya etmək xahişi ilə Bundestaqa israrlı çağırış etdi. 35 iri korporasiyanın rəhbəri bütün alman KİV-də dərc olunmuş açıq məktubda parlamentarları ölkədə antikorrupsiya tədbirlərini gücləndirmək üçün 161 dövlətin dəstəklədiyi bu konvensiyaya qoşulmağın əhəmiyyət və vacibliyinə inandırmağa çalışırdı.

Almaniya Cinayət Məcəlləsinin 108-ci maddəsinin “e” bəndi yalnız seçkilərdə səslər satın alınarkən rüşvət verib-almaq şəklində həyata keçirilən korrupsiya sövdələşməsinə görə cəza verilməsini nəzərdə tutur. Halbuki BMT Konvensiyası antikorrupsiya mübarizəsində sanksiyaların daha geniş spektrini əhatə edir.

“Per Ştaynbryukun işi”

Lakin sabiq maliyyə naziri, ASDP sədrinin müavini, keçmişdə müxalifətin Almaniya kansleri postuna əsas namizədi olmuş Per Ştaynbryukun işi alman isteblişmentinin ratifikasiya məsələsində niyə tələsmədiyini açıb göstərir. “Die Welt” qəzeti 2012-ci ildə Per Ştaynbryuku maliyyə dairələri ilə həddən artıq sıx təmaslarda ittiham etdi. Kanslerliyə namizədliyi nəinki təkcə hakim koalisiyanın nümayəndələri, həm də elə öz partiyadaşları olan sosial-demokratlar ittiham edirdilər.

P.Ştaynbryuk özü isə etiraf edirdi ki, banklarda, sığorta şirkətlərində və özəl müəssisələrdə mühazirələr oxuyub. O, hər çıxışına görə guya 7 min avroya yaxın pul alıb. Amma Ştaynbryuk öz qonorarlarının dəqiq məbləğini hər halda axıra qədər açıqlamadı. Nəticədə onun maliyyə strukturları ilə əməkdaşlığına dair şübhə və ittihamlar gücləndi. Müxtəlif partiyalardan olan deputatlar qanunvericiliyə Ştaynbryuk işinə görə dəyişiklik olunmasını tələb edirdilər ki, elə deputatların da gəlirləri məsələsində tam şəffaflığa nail olunsun. Per Ştaynbryuk özü isə üstəlik hələ öz əlavə gəlirləri barədəki məlumatları açmaqdan imtina etdi. O, qeyd etdi ki, Almaniyadakı bütün evli adamlar kimi o da vergiləri arvadı ilə bir yerdə ödəyib. Yəni yüksək rütbəli alman siyasətçisi praktiki olaraq bütün qeyri-leqal gəlirlərini ailə üzvlərinin, o cümlədən arvadlarının adına çıxan rusiyalı məmurların kələyinə əl atdı. “Transparency İnternational” beynəlxalq təşkilatı isə Ştaynbryuku əlavə gəlirlərini gizlətməkdə rəsmən ittiham etdi.

Məşhur alman iqtisadçısı, Lins Universitetinin alimi Fridrix Şnayder də Avropa Şurasının ekspertləri və korrupsiyaya bulaşmış məmur aparatına qarşı mübarizə mexanizmini gücləndirməyə gətirib çıxaracaq BMT Konvensiyasını ratifikasiya etmək tərəfdarları ilə eyni mövqedən çıxış edirdi. F.Şnayderin Almaniyadakı korrupsiyaya dair tədqiqatları təkcə Almaniyanın ictimai rəyini şoka salmayıb, həm də bütün dünyada böyük rezonans doğuraraq beynəlxalq birliyin diqqətini Almaniyadakı korrupsiya probleminə yönəldib. İqtisadçının “Transparency İnternational” beynəlxalq təşkilatının indeksləri əsasında apardığı hesablamalar adamı həqiqətən də şoka salırdı - Almaniyada pulla ələ alma və rüşvətxorluq alman iqtisadiyyatına təkcə 2012-ci il ərzində 250 milyard avro məbləğində ziyan vurmuşdu. İqtisadçı nüfuzlu alman qəzeti “Die Welt”ə verdiyi müsahibəsində deyirdi: “Əgər Almaniyadakı korrupsiyanın miqyasını məsələn, 2004-cü il səviyyəsinə qaytarmaq mümkün olsaydı, onda alman iqtisadiyyatına dəyən zərərin həcmi 30 milyard avro azalardı”.

Bundan əlavə, “Sueddeutsche Zeitung” qəzeti 2012-ci ildə Almaniya hökumətinin ölkədə yoxsulluqla bağlı məlumatları saxtalaşdırmasını ifşa etdi. Həmin ilin sentyabrında qəzet Nazirlər Kabineti tərəfindən bəyənilmiş rəsmi sənədi dərc etdi. Bu məruzə hökumətə Əmək Nazirliyi tərəfindən təqdim olunubmuş. İki aydan sonra isə bu sənədin təshih edilib düzəldilmiş variantı meydana çıxdı. “Almaniyada şəxsi mülkiyyət həddən artıq qeyri-bərabər şəkildə paylanıb” ifadəsi sənədin ikinci, düzəldilmiş variantında yox idi, o, elə Əmək Nazirliyinin öz məmurları üçün də gözlənilməz şəkildə yoxa çıxmışdı. Bundan əlavə, maaşlar haqqındakı mülahizələr də dəyişdirilmişdi. Sənədin ilkin variantında deyilirdi ki, yüksək maaşlı vəzifələrdə əmək haqları artırılıb, aşağı maaşlı işlərdə isə əksinə, son 10 ildə azaldılıb. Nəticədə əmlak baxımından təbəqələşmə güclənib ki, bu da əhali arasında ədalət hissini zədələyir və cəmiyyətdəki sabitliyi zədələyə bilər.

Hesabatın mətnindəki bu parçanın əvəzinə isə belə bir qeyd peyda olmuşdu ki, “real maaşların səviyyəsinin aşağı düşməsi əmək bazarı strukturunun yaxşılaşmasının təzahürüdür”. Bu da onunla izah olunur ki, 2007-ci ildən 2011-ci ilədək olan dövrdə çoxlu sayda azmaaşlı yeni iş yerləri açılıb. Beləliklə də işsizlər yeni iş yerləri əldə edib. Hökumət həmçinin sənədin ilkin variantında olan bəzi faktları mətndən çıxarmağı qərara almışdı. Məsələn, 2010-cu ildə 4 milyondan artıq adamın bir saat işə görə 7 avrodan da az əməkhaqqı alması haqdakı xatırlatma mətndən yoxa çıxmışdı.

Sənədə dəyişiklik edilməsi liberalların təşəbbüsü idi. Almaniyanın Azad Demokrat Partiyasının lideri, iqtisadiyyat naziri Filipp Rösler bildirirdi ki, hesabat özünün ilkin formasında hökumətin mövqeyini əks etdirmirdi. Həmkarlar ittifaqlarının bu dəyişikliklərlə bağlı narazılığına Əmək Nazirliyindən belə cavab verilib ki, belə sənədlərin dəyişdirilməsi sən demə, sıradan bir hadisə imiş. Halbuki BMT-nin məlumatlarına görə, Almaniya əhalisinin 13 faizi yoxsulluq həddində yaşayır. Almaniya hökumətinin özünün məlumatına görə isə ölkədə işsizlik durmadan artır və 2013-cü ildə kritik 10 faiz həddini aşacaq.

Lakin Almaniyada artıq “ümummilli rüsvayçılıq” adını almış yeni Berlin aeroportunun tikintisi tarixçəsi bütün bunların əksini deyir. Məhz A.Merkel hökumətinin korrupsiya ilə mübarizə sahəsindəki Avropa Şurası və BMT ekspertləri tərəfindən də xüsusi vurğulanan səmərəsiz tədbirləri yeni və daha nəhəng korrupsiya layihələrinin həyata keçirilməsinə yol açmışdı. Bu yeni layihələrin təcəssümü isə “Berlin aeroportu” işi oldu. Lakin “Berlin aeroportu” tarixçəsinə keçməzdən əvvəl bunu qeyd edək ki, korrupsiya qalmaqalları Almaniyanı hələ 90-cı illərin sonlarından silkələyir. Bu qalmaqalların “şöhrətinin ən uca zirvəsi” Helmut Kolun zibil emalı üzrə zavodu idi. “Mən bu pulları haradan aldığımı deməyəcəyəm və bu sirri özümlə məzara aparacağam” - ekspertlər Almaniyada korrupsiya haqdakı söhbətlərinə əfsanəvi kansler H.Kolun bu qanadlı sözləri ilə başlayırlar.

2012-ci il iyulun sonlarında Almaniyanın səhiyyə naziri Ula Şmidt tənqid qasırğasına tuş gəldi. Xanım Şmidt öz sürücüsünü vergiödəyicilərinin pulları hesabına İspaniyaya dəvət etdiyi üçün tənqid olunurdu. Korrupsiya qalmaqalları zəncirində elə kansler A.Merkel özü də xüsusi yer tutur. Jurnalistlər onu 2012-ci il, sentyabrın 27-də “Doyçe Bank”ın prezidenti Yozef Akermanın ad günü şərəfinə məhz vergiödəyicilərinin pulları hesabına ziyafət təşkil etməkdə ittiham edirdilər.

Korrupsiya qalmaqalları Almaniyanın baş liberalı, Azad Demokrat Partiyasının lideri, xarici işlər naziri Gido Vestervelledən də yan keçməyib. G.Vestervellenin partiyası mehmanxana biznesi sahəsində əlavə dəyər vergisinin 12 faiz azaldılması haqqında qanun layihəsinin qəbulu ərəfəsində - 2010-cu ilin yanvarında “Moevenpick” inhisarçı qrupundan 1,1 milyon avro məbləğində ianə almışdı. Bu pullar məşhur alman oliqarxı, baron Avqust fon Finkdən alınmışdı. G.Vestervellenin partiyasının nümayəndəsi oliqarxdan pul alınması faktını etiraf edərək buna belə izah verdi ki, partiya öz nizamnaməsinə uyğun olaraq ianələr ala bilər. Almaniya xarici siyasət idarəsinin rəhbərinin özü isə həmin qanunun qəbulunun motivini 100 min iş yerinin itirilməsi təhlükəsinin mövcudluğu ilə izah etdi. Almaniya ictimaiyyəti və “Yaşıllar”la sosial-demokratların timsalındakı alman müxalifəti isə hakim partiyalardan birinin nümayəndələrinin bu sözlərinə inanmayaraq açıq mətnlə bəyan etdilər ki, “hökumət dövlətdən qazanc mənbəyi kimi istifadə edir” (“Yaşıllar”ın lideri Renata Künast).

“Berlin aeroportu işi”

Villi Brandt adına yeni Berlin aeroportunun tikintisi məsələsi təkcə Almaniyada yox, artıq bütün Avrasiya məkanında dillərə dastan olub. Bu aeroportun tikintisi tarixçəsi Almaniyadakı sistemli korrupsiyanın keçmişdə əksər ölkələrin həsədlə baxdığı mexanizmi - nəhəng layihələrin həyata keçirilməsinin idarəetmə mexanizmini necə iflic etməsinə əyani sübutdur. A.Merkel hökumətinin bu meqalayihəsinin icrası niyə başa çatdırılmamış qaldı?

Berlin aeroportunun maketi dünya arxitektorlar elitası tərəfindən dünyada ən müasir layihə sayılmışdı. Söhbət 1,5 min hektar sahədə özündə təkcə aerovağzalın binasını yox, həm də digər yerüstü qurğuları, yeraltı vağzalları, mağaza və ofislərin yerləşdiyi çoxmərtəbəli tikililəri birləşdirən bütöv bir şəhərin tikintisindən gedirdi. Yeni aeroport hazırda fəaliyyətdə olan üç aeroportu əvəz etməli idi.

Tikinti işlərinin başa çatdırılması və aeroportun açılışı əvvəlcə 2010-cu ilə planlaşdırılmışdı. Sonra açılış tarixini 2011-ci ilə, daha sonra 2012-ci ilə, nəhayət, 2013-cü ilin martına keçirdilər. Bu yaxınlarda isə alman hakimiyyət orqanları yenidən bəyan etdi ki, aeroportun açılışının 2013-cü ilin oktyabrında keçirilməsinə bu dəfə heç nə mane ola bilməz. Hökumət bu anonsu verərkən tələsib hətta dəqiq tarix də göstərdi: 27 oktyabr, 2013-cü il. Amma Almaniyada mütləq əksəriyyət əmindir ki, aeroport 2013-cü ilin sonunda da hazır olmayacaq. Cəmiyyətin bu bədbinliyini Berlinin yerli hakimiyyət orqanları da bölüşməyə başlayıb. Yeni aeroport elə açılışından əvvəl də iflasa uğraya bilər, çünki hakimiyyət özü də etiraf edir ki, buradakı işləri yekunlaşdırmaq üçün 1 milyard avrodan çox vəsait çatışmır. Üstəlik burada həm şəbəkə, həm də yanğınsöndürmə sistemləri ilə bağlı ciddi infrastruktur problemləri üzə çıxıb; həm podratçılarla, həm də rəhbərliklə problem yaranıb.

Bununla yanaşı tikinti kompleksinin rəhbəri Rayner Şvartsı işdən qovmaq əvəzinə ona ildə 550 min avro olmaqla fantastik maaş təyin ediblər. Bundestaqın Nəqliyyat Məsələləri üzrə Komitəsinin rəhbəri Anton Hofrayterin hesablamalarına görə, boşdayanmanın hər ayı binanı tikənlərə 20 milyon avroya başa gəlir. Açılışın növbəti dəfə başqa vaxta keçirilməsi isə 120 milyon avroya başa gələcək. “Business Under Control” adlı antikorrupsiya təşkilatı ekspertlərinin qənaətinə görə, “Berlin aeroportu işi”ndə 3 milyard avro həcmində korrupsiya var.

Növbəti bölmə