RUEN

“İnsan Haqqları Uğrunda” İctimai Birliyin Beynəlxalq Layihəsi

The Decline of Europe

Əvvəlki bölməNövbəti bölmə The Decline of Europe — Üçüncü Hissə. İfadə azadliğinin pozulması

Üçüncü Hissə. İfadə azadliğinin pozulması

Əsas səhifə Niyə məhz Almaniya? Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı haqda Monitorinqin məqsədləri, xarakteri və metodologiyası haqda Birinci hissə. Multikulturalizmin böhranı haqda İkinci Hissə. Korrupsiya Üçüncü Hissə. İfadə azadliğinin pozulması Dördüncü Hissə. Almaniyanin penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər və qanunvericilik praktikasındaki qüsurlar Beşinci Hissə. Etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi Altıncı Hissə. Almaniyanın təhsil sistemində insan haqlarına riayət olunması Yekun “İnsan haqları uğrunda” İctimai Birlik

Beynəlxalq “Transparency İnternational” təşkilatının ekspertləri son illər alman kütləvi informasiya vasitələrində korrupsiya meyllərinin gücləndiyini vurğulayırlar. Bu isə aparıcı alman KİV-nin səhifələrində kütləvi sayda sifarişli yazıların peyda olmasına gətirib çıxarır. “Sərhədsiz reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatının alman şöbəsi də alman KİV-i sahəsindəki mühitin pisləşməsindən, həmçinin ölkədə informasiya azadlığının səviyyəsindən narahatdır. 

Almaniya Hüquq Müdafiə İttifaqının (mənzil-qərargahı Köln şəhərindədir) hesabatına görə, AFR-in 5 iri federal torpağı öz parlamentlərində informasiya azadlığı haqqında qanunun qəbul edilməsini indiyə qədər də əngəlləyir. Bundan əlavə, Almaniya Hüquq Müdafiə İttifaqının ekspertləri öz ölkəsində insan haqları ilə bağlı vəziyyətin üstündən sakitcə keçib diqqəti digər ölkələrdəki vəziyyətə yönəldən Almaniya KİV-ində son illərdə yaranıb müşahidə olunan bir təmayülü xüsusi qeyd edirlər. Almaniya Hüquq Müdafiə İttifaqının rəhbəri Harri Murey bunu xüsusi vurğulayır: “Almaniyada bizdən soruşurlar ki, biz niyə alman nəşrlərində yox, məhz xaricdə dərc olunuruq. Açıq deyirəm ki, biz bunun yalnız lehinəyik. Əgər bu, bizdən asılı olsaydı, bunu məmnuniyyətlə edər və heç bir beynəlxalq KİV-ə üz tutmazdıq”.

Beynəlxalq Mətbuat İnstitutunun (İPİ) proqram direktoru Stiven Ellisin qiymətləndirməsinə görə, 4 ay ərzində - 2011-ci ilin dekabrından 2012-ci ilin mayına qədər, Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində - alman mətbuatında Azərbaycan hökumətini kəskin tənqid edən 200-dək məqalə dərc olunub. Bu ölkədəki problemlərin təfərrüatlarına qədər işıqlandırılması alman oxucusunu çətin ki, maraqlandıraydı. Çünki Azərbaycan Avropa İttifaqına daxil deyil və Almaniya üçün də strateji maraq kəsb etmir. Buna görə də həmin yazılar əksər ekspert və analitikləri (o cümlədən Azərbaycanda) bu məqalələrin sifarişli xarakter daşımasına inanmağa təhrik edir. Bu yazıların əksəriyyətində tənqid olunan tərəfin - Azərbaycan hökumətinin öz mövqeyini ifadə etməsinə nə yer, nə də imkan verilmirdi. Oxuculara təqdim olunan yazılar birtərəfli və subyektiv xarakter daşıyırdı. Çünki məqalə müəllifləri onlara eyni bir mənbədən təqdim olunan informasiyalardan istifadə etmiş, bu zaman tənqid olunan tərəfin mövqeyini apriori şəkildə rədd etmişdilər. Alman mətbuatındakı oxşar tendensiyalar bu və ya digər hökumətlərin, şirkət və şəxslərin nüfuzdan salınması məqsədilə əvvəlcədən hazırlanmış təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi imkanlarının mövcudluğunu sübut edir.

Bununla yanaşı media ekspertləri Almaniya KİV-ində tənqidin seçmə xarakteri daşıdığını vurğulayır. Belə ki, alman KİV-i öz diqqətini Azərbaycan və ya Ukrayna kimi ölkələrdəki situasiya üzərində cəmləşdirərkən Çin və ya İran kimi totalitar ölkələrdə insan haqları ilə bağlı vəziyyətlə bağlı praktiki olaraq susur. Ekspert, professor Maya Behmerin qənaətinə görə, bu, Almaniyanın Çin və İranla strateji tərəfdaşlığı ilə bağlı ola bilər.

“Sərhədsiz reportyorlar”ın fikrincə, jurnalistlərin məsuliyyəti və onların peşə etikası ilə bağlı problemlərlə yanaşı ifadə azadlığı ilə bağlı vəziyyət də son illərdə pisləşib. “Saksoniya korrupsiya bataqlığını” açıb ifşa etmiş iki leypsiqli jurnalistin - Arndt Ginzel və Tomas Dattın diffamasiyaya görə mühakimə olunması ifadə azadlığı sahəsində yaranmış vəziyyəti əyani şəkildə göstərir.

“Ginzelin və Dattın işi”

Leypsiqli jurnalistlər Arndt Ginzel və Tomas Datt yüksək rütbəli polis məmurlarının da cəlb olunduğu səs-küylü korrupsiya əməlinə dair jurnalist araşdırması aparmışdılar. Bu təhqiqatın nəticələri “Şpigel” həftəliyində və Zeit Online-də dərc olunmuşdu. Bundan sonra Saksoniyanın Daxili İşlər Nazirliyi jurnalistləri böhtan atmaqda, təhqirdə və diffamasiyada ittiham etdi. Yüksək rütbəli polis məmurları jurnalistlərin cinayət təqibi qaydasında mühakimə edilməsinə nail olmağa çalışırdılar. Polis məmurlarını Saksoniyada insan alverinə himayədarlıq etməkdə suçlayan jurnalistlərə cinayət işinin açılması beynəlxalq hüquq müdafiə təşkilatlarının qəzəbli reaksiyasına səbəb oldu. “Sərhədsiz reportyorlar” Drezdendə keçirilən məhkəmə prosesində iki leypsiqli jurnalistin günahsızlığının qəbul və etiraf olunmasını tələb etdi. “İstənilən digər qərar qalmaqal yaradacaq” - deyə Reportyorlar Şurasının sədri Mixael Rediske özünün Berlində verdiyi təcili bəyanatında bildirirdi: “Bu jurnalistlərin məhkum edilməsi gələcəkdə korrupsiya faktları üzrə jurnalist araşdırmaları aparmaq işində ciddi əngələ çevriləcək və bununla da mətbuat azadlığına zərbə vuracaq”.

“Saksoniya korrupsiya bataqlığı” adlı işin təhqiqatı ilə məşğul olan jurnalistlərə qarşı cinayət işinin açılmasının özü çoxsaylı suallar doğurur. İddiaçılar təxmin edilən ehtimali diffamasiya üzrə Almaniyada qüvvədə olan mətbuat haqqında qanun əsasında yox, cinayət təqibi qaydasında ittiham irəli sürməklə jurnalistlərin məhkum edilməsinə nail olmağa çalışırdılar.

“Sərhədsiz reportyorlar” alman jurnalistlərinin tapdanmış hüquqlarının müdafiəsi üçün geniş kampaniyaya başladı. Təşkilatın 30 iyul, 2010-cu il tarixli xüsusi bəyanatında deyilirdi: “Bu işin böyük hissəsi hakimiyyət orqanlarının jurnalist təhqiqatı aparan şəxslərə təzyiq etmək cəhdlərini göstərir. Hazırkı iş jurnalistika praktikasını ədalətsiz şəkildə kriminallaşdırmaq cəhdidir. Kütləvi informasiya vasitələrinin ən vacib funksiyalarından biri sui-istifadə hallarını aşkara çıxarmaqdır. İki jurnalistin cinayət təqibi qaydasında mühakimə edilməsi onların həmkarlarına, həmçinin bu işin araşdırılması ilə məşğul olan şəxslərə çəkindirici təsir göstərəcək”.

Geniş beynəlxalq kampaniyaya və beynəlxalq təşkilatların etirazlarına baxmayaraq məhkəmə ittiham hökmü çıxararaq hər iki jurnalisti mühakimə etdi və onların üzərinə iddiaçılara 6300 ABŞ dolları cərimə ödəmək öhdəliyi qoydu. Bundan əlavə, məhkəmə jurnalistləri öz informasiya mənbələrini açmağa məcbur etdi.

2012-ci il, noyabrın 13-də jurnalistlər Drezden şəhər məhkəməsinə apelyasiya şikayəti verdilər. “Sərhədsiz reportyorlar” alman məhkəməsinin antikonstitusion qərarını tənqid etdi. Belə ki, Almaniya qanunvericiliyi informasiya mənbələrinin toxunulmazlığını və onların KİV əməkdaşlarından müdafiəsini təmin edir.

KİV-ə iqtisadi təzyiq

Nüfuzlu beynəlxalq təşkilatlar alman jurnalistlərinin qalmaqallı şəkildə təqib olunması fonunda Almaniyada müşahidə olunan və KİV-in iqtisadi müstəqilliyini məhv etməyə yönələn yeni və təhlükəli bir meyli də seziblər. Alman Jurnalistləri Assosiasiyasının rəhbəri Kayo Dexrinqin fikrincə, alman jurnalistlərinə qarşı son illər tez-tez baş verən maliyyə sanksiyaları jurnalistləri, xüsusən də müstəqil jurnalistləri açıq-aşkar susmağa məcbur etmək cəhdləridir: “Məhkəmələr isə maliyyə sanksiyalarından onsuz da ağır iqtisadi vəziyyətdə olan jurnalistlərə qarşı təsir vasitəsi kimi istifadə edir. Məhkəmələr öz azadlığını hələ də saxlayan alman nəşrlərinin iqtisadi müstəqilliyini sarsıdır”.

Alman Jurnalistləri Assosiasiyası Almaniyada, o cümlədən Saksoniyada KİV azadlığının vəziyyətinə dair bəyanatında Saksoniyada demokratik təsisatların böhranından dərin narahatlığını da ifadə etmişdi: “Jurnalistlərin təqib olunması onu sübut edir ki, hakimiyyət orqanları demokratiyanın mahiyyəti haqqında yanlış təsəvvürlərə malikdir”.

“Baş redaktor Nikolas Brenderin işi”

ZDF telekanalının baş redaktoru Nikolas Brenderin işi Almaniyada müşahidə olunan demokratik təsisatların aşınması prosesinin daha bir təcəssümüdür. Angela Merkel tərəfindən rəhbərlik edilən ZDF teleradioyayım şirkəti şurası üzvlərinin əksəriyyəti 2009-cu ildə baş direktorun baş redaktor N.Brenderlə müqaviləni qarşıdakı 5 il üçün də uzatmaq haqqındakı xahişini qətiyyətlə rədd etdi. Beynəlxalq “Sərhədsiz reportyorlar” təşkilatı bu işdə siyasi təqib elementləri gördü. Belə ki, bu jurnalistin ictimai TV-nin baş redaktoru postundakı fəaliyyəti dövründə hakim koalisiya, o cümlədən Angela Merkelin özü davamlı olaraq kəskin tənqidlərə məruz qalırdı.

Bu iş üzrə təhqiqat aparan beynəlxalq təşkilatın və onun ekspertlərinin fikrincə, N.Brenderin istefaya göndərilməsi Angela Merkelin maraqlarını ifadə edən Yayım Şurası üzvlərinin siyasi manipulyasiyası ilə bilavasitə bağlı olub. “Sərhədsiz reportyorlar” 2009-cu il, noyabrın 29-da bununla bağlı Almaniya hakimiyyət dairələrinin ünvanına kəskin tənqidlə çıxış edərək onların hərəkətlərini pislədi: “Brenderlə müqavilənin uzadılmasından imtina edilməsi siyasi motivlərlə əsaslandırılıb və ictimai yayım prinsiplərinin biabırçı şəkildə pozulması deməkdir. Və ictimai TV-nin müstəqilliyi hakim koalisiyanın manipulyasiyaları nəticəsində sarsıdılıb”.

Bu iş təkcə Almaniyanın özündə yox, xüsusilə də Fransanın o zamankı prezidenti Nikolya Sarkozinin və İtaliyanın baş naziri Silvio Berluskoninin qüsurlu fəaliyyətinin fonunda elə digər Avropa ölkələrində də böyük rezonans doğurdu. N.Sarkozi ilə S.Berluskoni fikir azadlığı və alternativ informasiya əldə etmək kimi fundamental hüququ kobudcasına tapdayaraq elektron KİV-in, hətta müstəqil yayım korporasiyalarının fəaliyyəti üzərində dövlət nəzarətini bərqərar etmişdilər. “Nikolas Brenderin işi” Sarkozi ilə Berluskoninin müstəqil telekanalları dövlətiləşdirmək konsepsiyasını qəbul edən alman hakimiyyət orqanları üçün yeni çıxış nöqtəsi oldu.

“Ştrepp və ZDF işi”

Hakim Xristian-Sosialistlər Partiyasının (XSS) mətbuat katibi Hans Mixael Ştrepp 2012-ci il, oktyabrın 21-də - Bavariyada seçki marafonu dövründə alman televiziyasının ikinci kanalına - ZDF telekanalına zəng vuraraq xəbərlərin yekun buraxılışının növbətçi redaktorundan xahiş edib ki, müxalifətdəki Almaniya Sosial-Demokrat Partiyasının Bavariya şöbəsinin həmin gün keçirilən qurultayı barədəki süjeti efirə verməsin. Telekanala zəng vuran hakim partiya təmsilçisi öz xahişini bununla əsaslandırıb ki, guya alman televiziyasının birinci kanalı ARD artıq ASDP haqqında reportajı verməməyi qərara alıb və reportajın bu telekanalın efirində görünməsi hakimiyyətin maraqlarına uyğun deyil, onu qane etmir.

ZDF-in redaksiyasına zəng vurulması barədəki xəbər heç də telekanalın elə öz jurnalistləri tərəfindən və dərhal yayılmayıb. Bu isə sözügedən işdə çox vacib detaldır, çünki o, hakimiyyətlə aparıcı telekanal arasında elə bu pozuntuya qədər də əməkdaşlığın olduğunu ortaya qoyur. Bu xəbər yalnız oktyabrın 24-də müxalifətçi “Sueddeutsche Zeitung” qəzetində yayıldı. Həmin informasiyada konkret mənbələrə konkret istinadlar yox idi. Jurnalist sadəcə olaraq telekanaldakı anonim mənbələrə istinad etmişdi. Lakin həm mətbuat katibinin özü, həm də hakim koalisiyanın digər nümayəndələri telekanalla sazişin mövcudluğunu inkar etdilər. Bundan sonra mətbuatda Ştreppin jurnalistlərə göndərdiyi SMS-lər, həmçinin onun ARD telekanalının müxbirləri ilə söhbətlərinin mətni yayıldı. Daha sonra isə mətbuat katibinin təlimatı ilə hərəkət etdiyi üzə çıxan BR (“Bayerische Rundfunk”) telekanalı da şübhə altına düşdü.

Müxalifətçi ASDP hakim koalisiyanı KİV-in azad fəaliyyət və müstəqillik prinsipini pozmaqda ittiham etdi. Hakim koalisiya isə yaxasını bu qalmaqallı işdən bununla kənara çəkməyə çalışdı ki, bu zəng guya bir məmurun şəxsi təşəbbüsü olub və hakim koalisiya telekanallara özünə sərf etməyən reportajların efirə buraxılmaması ilə bağlı heç bir göstəriş verməyib.

“Ulrika Ştraus və BR işi”

Bavariyanın ekologiya naziri Markus Zöderin (hazırda Bavariyanın maliyyə naziridir) mətbuat katibi, hakim XSS partiyasından olan Ulrika Ştraus da “Ştrepp işi”ndə olduğu kimi, populyar BR (“Bayerische Rundfunk”) telekanalına zəng vurub. “Ştrepp işi”ndə olduğu kimi, həmin xəbər bu dəfə də müxalifətçi “Sueddeutsche Zeitung” qəzetinə sızıb. Ekologiya Nazirliyindən olan məmura nazir haqda hazırlanıb 2011-ci il, martın 17-də efirə getmiş reportaj xoş gəlməmişdi. Həmin reportajda jurnalistlər nazir Zöderin Bavariyadakı “İsar I” AES haqda Yaponiyadakı “Fukusima” AES qəzasından əvvəl və sonra verdiyi bəyanatları bir yerə yığmış, onları nazirin özünün də qatıldığı müxtəlif kütləvi tədbirlərdən çəkilmiş kadrlarla müşayiət etmişdilər (kadrların birində nazir şalbanın üstündə ayaqyalın gəzir, digərində karnaval teleşousuna çəkilir, üçüncüsündə ovcuna yaşıl rəng yaxaraq fotoşəkil çəkdirir). Reportajda bu məqam xüsusi vurğulanır ki, siyasətçi “Fukusima”ya qədər dinc məqsədlərlə istifadə olunan atom enerjisi ideyasının müdafiə edib “İsar I” stansiyasının təhlükəsiz olduğunu deyir, Yaponiyada baş verənlərdən sonra isə “İsar I” AES-in etibarlılığın və təhlükəsizliyin bütün standartlarına cavab verməməsindən danışmağa başlayır.

M.Zöderin mətbuat katibi də redaksiyaya bu süjet efirə gedəndən sonra isə zəng vurub. Həmin gün istirahət günü olmuş buraxılış redaktoru Peter Marderi redaksiyada tapmayan xanım Ştraus sonra onun evinə zəng vurub. Onların danışığında söhbətin məhz nədən getdiyi məlum deyil. Lakin fakt faktlığında qalır: bundan sonra Zöder haqdakı reportaj BR efirində bir daha görünməyib. Baxmayaraq ki, onu hələ bir neçə dəfə təkrar göstərməli idilər.

Telekanaldan bildirirlər ki, süjeti efirdən sırf professionallıq baxımından yığışdırıblar. Proqramın rəhbərliyi belə hesab edib ki, süjet üçün seçilmiş videomateriallar xəbərlər proqramından ötrü həddən artıq əyləncəli imiş və buna görə də formata uyğun gəlmirmiş. Nəticədə növbəti buraxılışlarda Zöder haqdakı süjeti onun landtaqda atom enerjisi barədə etdiyi çıxışla, həmçinin müxalifətin onun ünvanına səsləndirdiyi tənqidlərlə əvəzlədilər.

Bundestaqdakı “Yaşıllar” fraksiyasının lideri Yurgen Trittin bu insidentdən sonra bəyan etdi ki, “hakim XSS partiyası Almaniyada özünün 50 illik hakimiyyətindən sonra belə hesab etməyə başlayıb ki, dövlət, partiya və kütləvi informasiya vasitələri vahid bir tamdır”. Müxalifətçilər KİV-ə təzyiq göstərmək cəhdlərini öz ölkəsində 50 ildir hakimiyyət başında olan Fidel Kastro rejiminin hərəkətləri ilə müqayisə etməyə başladılar.

“Deutsche telekom” işi”

Ən iri səhmdarı Almaniyanın federal hökuməti olan “Deutsche telekom” telekommunikasiya nəhənginin bu şirkətin əməkdaşları ilə “Financial Times Deutschland”, “Capital” və Almaniyada fəaliyyət göstərən digər KİV-in jurnalistləri arasındakı telefon danışıqlarını dinləməsinin üstü açıldı. Sonralar şirkətin özü də telefon danışıqlarının dinlənilməsi faktını etiraf etdi. Şirkətin ciddi iqtisadi problemlər içində olduğunu göstərən sənədlərin bir hissəsi mətbuata sızmışdı. Bundan sonra informasiya mənbəyinin aydınlaşdırılması, xəbərin haradan sızmasının dəqiq müəyyən olunması məqsədilə xarici müşahidə və jurnalistlərin telefon danışıqlarının dinlənilməsi təşkil edildi.

Nəhayət, “Deutsche telekom” konserni İdarə Heyətinin sədri Rene Oberman 2012-ci il, mayın 29-da etiraf etməyə məcbur oldu ki, şirkətin əvvəlki rəhbərliyindəki keçmiş inhisarçı jurnalistlərin izlənməsi ilə məşğul olub, o cümlədən bu zaman müştərilər haqqında “Deutsche telekom”da saxlanan informasiyalardan istifadə edib.

“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı Almaniya hakimiyyətinin bu hərəkətlərini pislədi və bu cinayət üzrə obyektiv və qərəzsiz təhqiqat aparmağa çağırdı. Lakin Almaniya hakimiyyəti informasiya azadlığının məhdudlaşdırılması məqsədilə təzyiq göstərilməsinə dair daha bir faktın üstünü açmaq üçün heç bir iş görmədi.

“Almaniyanın sabiq prezidenti Kristian Vulfun işi”

Almaniyada insan haqlarının vəziyyəti barədə jurnalistlərin fəaliyyət azadlığı kimi fundamental hüququn toxunulmazlığı kontekstində danışarkən Almaniyanın sabiq prezidenti Kristian Vulf ətrafında yaranan korrupsiya qalmaqalının üstündən sükutla keçmək olmaz. Belə ki, K.Vulf onu korrupsiyada ittiham edən “Bild” qəzetinin jurnalistlərini şəxsən özü hədələmişdi.

Bu işin təfərrüatları təkcə Almaniyanın özündə yox, elə bütün dünyada da böyük rezonans və qalmaqal yaratmışdı. Məlum olduğu kimi, K.Vulfun ətrafındakı qalmaqalın ilkin səbəbi onun və arvadının dostluq etdiyi alman biznesmenləri ilə korrupsiya əlaqələrinə dair şübhələr idi. Dekabrda “Bild” qəzetində dərc olunan məqalədə deyilirdi ki, K.Vulf 2008-ci ildə Aşağı Saksoniyanın baş naziri olarkən dostunun həyat yoldaşı, milyonçu Eqon Herkensdən güzəştli şərtlərlə 500 min avro alıb. O, bu pullara ailəsi üçün ev alıb. 2010-cu ilin yanvarında Aşağı Saksoniya parlamentində müxalifət K.Vulfa E.Herkenslə əlaqələri barədə sual verəndə o, bu kredit barədə susub danışmamışdı. K.Vulf 2010-cu ilin fevralında “BW Bank”dan ipoteka krediti almışdı, amma bu dəfə də güzəştli şərtlərlə, minimal faizlə. Buna dair müqavilə isə yalnız 2011-ci ilin dekabrında - mətbuatda qalmaqal qızışanda təzədən yazılmışdı.

Prezidentin vəkili Gernot Lehrin sözlərinə görə, “BW Bank” dekabrın 12-də K.Vulfla 3,62 faizlik dərəcə əsasında ödəməni nəzərdə tutan yeni kredit müqaviləsi imzalayıb. Sənədləri surətini imzalamaq üçün Vulfa göndəriblər. Prezident onda Küveytdə rəsmi səfərdə olub. O, Berlinə dekabrın 13-də qayıdıb. Prezident yeni müqaviləni imzalamağa tələsməyib. Bankın verdiyi məlumata görə, o, bunu yalnız dekabrın 21-də edib. Növbəti gün isə Vulfun kredit məsələsinə dair rəsmi izahatı yayılıb. Prezident bunu ürəklə demək imkanı qazanıb ki, indi o da kreditini qalan bütün almanlarla eyni faiz dərəcəsi ilə ödəyir.

“Bild” qəzetinin prezidentin Küveytdən Almaniyaya qayıtdığı gün çap olunan sayında onun Herkensden aldığı pullar barədə yazı dərc edilmişdi. Vulf bu məqalənin çapa hazırlanmasından xəbərdar idi. Həmin məqalə çapa getməzdən bir gün qabaq -  dekabrın 12-də K.Vulf “Bild”in baş redaktoru Kay Dikmanna zəng vurmuşdu. Baş redaktor dəstəyi qaldırmadığı üçün prezident avto-cavab verəndə ona hədə dolu məlumat buraxmışdı. K.Vulf bu məqalənin dərc olunacağı təqdirdə “Bild”in məxsus olduğu “Axel Springer” nəşriyyat evi ilə “birdəfəlik qurtarmaq” və onunla “müharibəyə başlamaq”la hədələyirdi. “Sueddeutsche Zeitung” qəzetinin xəbərinə görə, prezident hətta bəyan edib ki, jurnalistləri məhkəməyə verəcək.

Prezident bununla da kifayətlənmədi və məsələni nəşriyyat evinin rəhbərliyi ilə həll etməyə qərar verdi. “Sueddeutsche Zeitung” qəzetinin xəbər verdiyi kimi, K.Vulf “Springer” nəşriyyatının şefi Matias Döpfnerə zəng vurub. Döpfner isə onunla söhbət zamanı redaksiyanın müstəqil olmasını və bu və ya digər materialın dərc edilməsi ilə bağlı qərara təsir etməyin mümkün olmadığını əsas gətirib. “Cicero” jurnalının verdiyi xəbərə görə, prezident bundan sonra bir qədər də irəli gedərək nəşriyyat evinin ən iri səhmdarı Fride Şpringerə zəng vurub.

Almaniyanın ictimai-siyasi həyatı və müstəqil KİV-in fəaliyyəti jurnalistlərin hüquqlarının pozulması onların təqib olunması faktları ilə, həmçinin informasiya azadlığı prinsiplərini pozan və dövlətin informasiya siyasəti sferasına getdikcə daha çox müdaxilə etməsi kimi xarakterizə olunan cəhdlərlə doludur. Lakin elə yuxarıda sadalanan nümunələr də Almaniyada KİV azadlığı sahəsində yaranmış vəziyyəti kifayət qədər geniş və aydın şəkildə göstərir.

Növbəti bölmə