RUEN

“İnsan Haqqları Uğrunda” İctimai Birliyin Beynəlxalq Layihəsi

The Decline of Europe

Əvvəlki bölməNövbəti bölmə The Decline of Europe — Dördüncü Hissə. Almaniyanin penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər və qanunvericilik praktikasındaki qüsurlar

Dördüncü Hissə. Almaniyanin penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər və qanunvericilik praktikasındaki qüsurlar

Əsas səhifə Niyə məhz Almaniya? Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı haqda Monitorinqin məqsədləri, xarakteri və metodologiyası haqda Birinci hissə. Multikulturalizmin böhranı haqda İkinci Hissə. Korrupsiya Üçüncü Hissə. İfadə azadliğinin pozulması Dördüncü Hissə. Almaniyanin penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər və qanunvericilik praktikasındaki qüsurlar Beşinci Hissə. Etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi Altıncı Hissə. Almaniyanın təhsil sistemində insan haqlarına riayət olunması Yekun “İnsan haqları uğrunda” İctimai Birlik

Son illər Almaniyanın məhkəmə və penitensiar sistemlərinin fəaliyyətində, həmçinin ölkənin qanunvericilik praktikasında çoxsaylı problemlər qeydə alınır. Almaniyadan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) gedən şikayətlərin və hüquqları Almaniya məhkəmələri tərəfindən pozulan şikayətçilərin udduğu proseslərin sayı xüsusilə artıb. Ən geniş yayılan şikayətlər məhkəmə araşdırması uzun müddət davam edən işlərlə bağlı olanlardır. Belə ki, Almaniya vətəndaşları AİHM-ə ümumi iddiaların 51 faizi qədər bu cür şikayətlər göndərib. Almaniya əsas hüquq və azadlıqların pozulmasına görə AİHM tərəfindən təkcə bir il (2010-cu il) ərzində 26 dəfə günahkar elan olunub. Bu qanun pozuntuları əsasən ağır cinayətlər törətmiş təhlükəli şəxslərin həbs cəzasını çəkib qurtarandan sonra da ədliyyə orqanları tərəfindən azadlığa buraxılmaması ilə bağlı idi; belə ki, onların azad olunması cəmiyyət üçün təhlükə törətməkdə davam edirdi. AİHM bu qayda və təlimatı nəzərdən keçirməyi alman qanunvericilərinə bir vəzifə olaraq tapşırdı.

Almaniya Konstitusiya Məhkəməsinin AİHM-in qərarlarının alman məhkəmələri üçün məcburi xarakter daşımaması haqdakı hökmünü də biabırçı və yolverilməz fakt saymaq olar.

Bundestaqın rüsvayçı qərarı da Almaniyada böyük qalmaqala səbəb oldu. Ölkə parlamenti müxalifətin və yerli ictimaiyyətin etirazlarına, beynəlxalq təşkilatların tənqidi mövqelərinə baxmayaraq Federal Kriminal Polis İdarəsi haqqında qanunu 2009-cu il, noyabrın 12-də hakim koalisiyanın səs çoxluğu ilə qəbul etdi. Bu qanun məhkəmə qərarı olmadan on-line axtarışlar aparmağa, həmçinin heç bir günahı olmayan vətəndaşların ev və mənzillərini video və audio müşahidə altında saxlamağa icazə verir.

Almaniyanın penitensiar sistemində də ciddi problemlər var. Belə ki, Almaniyanın İşgəncələrin Qarşısının Alınması üzrə Federal Komissiyası rəsmi Berlini məhbusların, o cümlədən deportasiya həbsxanasına salınan şəxslərin saxlanma şəraitinin lazımi səviyyədə olmamasına görə 2011-2012-ci illər ərzində müntəzəm surətdə ittiham və tənqid edib. Nasistlərin hakimiyyəti dövründə gestaponun xüsusi məhbəsi olmuş Frankfurtdakı deportasiya həbsxanasındakı vəziyyət xüsusilə böyük narahatlıq doğururdu. Barəsində deportasiya qərarı verilmiş immiqrantların saxlandığı bu həbsxananın kameralarındakı dəhşətli şərait ölkənin ictimai rəyini və vətəndaş cəmiyyətini daha çox narahat edirdi. Frankfurt şəhər rəhbərliyi məhz bu həbsxananın fəaliyyətinin dayandırılması ilə bağlı saysız-hesabsız müraciət, tənqid və tələblərdən sonra və Almaniya Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında nəhayət ki, 2005-ci ildə həbsxananın bağlanması barədə qərar qəbul etdi.

Bununla əlaqədar olaraq Almaniya həbsxanalarında qəddar rəftar və pis saxlanma şəraiti problemi beynəlxalq təşkilatlar, o cümlədən “Amnesty İnternational” təşkilatı tərəfindən kəskin tənqid edilirdi. “Amnesty İnternational” 2010-cu ildə müvəqqəti saxlama məntəqələrində qəddar rəftar problemi ilə bağlı xüsusi məruzə ilə çıxış etmiş və öz əsaslı tövsiyələrini Almaniya hökumətinə göndərmişdi. Amma bu tövsiyələrin çoxu yerinə yetirilməmiş qaldı.

Cəzaçəkmə müəssisələrində məhbusların saxlanma şəraiti

Almaniyanın İşgəncələrin Qarşısının Alınması üzrə Federal Komissiyası mövcud qanun pozuntularını diqqətdə saxlamaq üçün cəzaçəkmə müəssisələrinə müntəzəm olaraq baş çəkir və həmin nöqsanların aradan qaldırılması üçün təkliflər hazırlayır. Komissiya Bundestaqa, federal torpaqların parlamentlərinə, federal və torpaq hökumətlərinə öz fəaliyyətinin nəticələri haqda hər il hesabat verir. Məsələn, komissiya üzvləri öz hesabatlarında bildiriblər ki, müvəqqəti saxlama məntəqələrindəki həbsxana kameraları həbsxana rəhbərliyinin oturduğu xidməti kabinetlərdən və ya binalardan həddən artıq uzaq məsafədə yerləşir; məhbuslar nəzarətçilərin diqqətini öz təxirəsalınmaz ehtiyaclarına yönəltmək imkanında olmurlar ki, komissiya üzvlərinin fikrincə, əgər həbsxana rəhbərliyi onların bu müraciətlərinə vaxtında reaksiya verməsə, bu da məhbuslar arasında zorakılıq hallarının baş verməsinə, intihar cəhdlərinə gətirib çıxara bilər.

Komissiyanın qənaətinə görə, deportasiya həbsxanası cəzanın çəkildiyi yer deyil, o, Almaniya ərazisində qeyri-qanuni şəkildə yerləşən əcnəbi vətəndaşların ölkədən kənara çıxarılmasını təmin etməli olan müəssisədir. Bununla belə hesabatda da deyildiyi kimi, bu həbsxananın binası və oradakı saxlanma şəraiti daha çox əsl həbsxananı, özü də heç də nümunəvi olmayan məhbəsi xatırladır. O cümlədən kameralardakı şərait, intihara meylli şəxslərə qulluq və onların müalicəsi qınaq və iradlara səbəb olur. Buna baxmayaraq Senatın daxili işlər üzrə idarəsi islahatlar aparıb vəziyyəti dəyişməyə tələsmir.

“Auri Callohun işi”

Öz ölkəsindəki təqib və zülmlərdən xilas olaraq siyasi sığınacaq almaq ümidi ilə Almaniyaya üz tutan Syerra-Leone vətəndaşı Auri Calloh 2005-ci il, yanvarın 7-də Dessau (Saksoniya) polis məntəqəsində çarpayıya bağlanandan sonra yanıb öldü. Ölən şəxs 4 qadının şərəf və ləyaqətini təhqir etmək ittihamı ilə 2005-ci il, yanvarın 7-də həbs olunmuşdu. O, özündə şəxsi mobil telefon ola-ola həmin qadınlardan zəruri istifadə üçün mobil telefonlarını ona verməyi xahiş etmişdi. 4 zərərçəkmiş qadının dediyinə görə, Auri Calloh bu zaman bərk sərxoş idi və ayaq üstdə güclə dayanırdı. Yaxınlıqdan keçən iki polis əməkdaşı Auri Callohdan sənədlərini göstərməyi xahiş edəndə o, polislərin üstünə qışqırmağa başlayıb. Həmin polislərin sözlərinə görə, onların bu adamın şəxsiyyətini müəyyənləşdirmək üçün heç bir imkanı olmayıb, buna görə də Auri Calloh saxlanaraq Dessau polis məntəqəsinə aparılıb.

Polis məntəqəsinə həkim çağırılıb. O isə müəyyən edib ki, Auri Calloh nəinki həddən artıq miqdarda alkoqol qəbul edib (2,98 promil), həmçinin narkotikdən (marixuana və kokain) istifadə edib. Bunu həkimin analiz üçün onun qanından götürdüyü nümunə də təsdiq edib. Buna baxmayaraq həkim bəyan edib ki, Auri Callohu həbsxanaya salmaq olar. Həkim Auri Callohun özünə cismani xəsarət yetirmək riskini nəzərə alaraq onun hərəkət azadlığının hər cür məhdudlaşdırılmasını da tövsiyə edib. Sonra polislər Auri Callohda təhlükəli əşyanın olub-olmadığını müəyyənləşdirmək üçün onun üst-başını axtarıblar. Daha sonra isə onun əllərini və ayaqlarını bağlayaraq zirzəmiyə yerləşdiriblər. Burada da onu odadavamlı, yanmayan döşəyə zəncirləyiblər. Auri Callohun əlləri və ayaqları döşəyin hər iki tərəfinə möhkəm-möhkəm sarınıb bağlansa da o, əllərini hər halda yüngülcə tərpədə bilirmiş. Amma onun azacıq qalxıb dikəlmək imkanı da yox imiş.

Almaniya qanunvericiliyinə uyğun olaraq, azadlıqdan məhrum edilmiş fiziki hərəkət imkanları məhdud şəxs ayıq-sayıq və daimi nəzarət altında olmalıdır. Bundan əlavə, hərəkəti məhdudlaşdıran alətin (qurğunun) konstruksiyası, əgər o, cəza aləti kimi həddən artıq uzun müddət ərzində tətbiq olunursa, buna ehtiyac yarananda asanlıqla açılıb çıxarıla bilən olmalıdır. Nəhayət, azadlıqdan məhrum olunmuş şəxslərə qarşı fiziki qüvvə tətbiqinin hər konkret nümunəsinə dair yazılı qeydlər aparılmalıdır.

Lakin Auri Calloh qanunvericiliyin tələblərinin və həbsxana qaydalarının tam ziddinə olaraq kamerada tamamilə tək-tənha, kənardan heç bir müşahidə və nəzarət olmadan qalıb. Qeyd edək ki, onun kamerası interkom vasitəsilə növbətçi polis zabitinin kabinetinə qoşulubmuş. Lakin Auri Callohu kameraya yerləşdirəndən sonra həmin zabit interkomu söndürüb. Məsələ burasındadır ki, məhbus öz çığır-bağırı və qışqırıqları ilə növbətçi zabiti dəhşətli dərəcədə əsəbiləşdirir və ona telefonla danışmaqda mane olurmuş. Növbətçi zabit interkomu yalnız xidmət yoldaşı bunda israr edəndən sonra xəttə qoşub.

Dessau regional məhkəməsi tərəfindən aparılan araşdırma göstərib ki, A.Callohun çarpayıya maksimum möhkəm şəkildə sarınıb bağlanmasına baxmayaraq o, hər halda cibindən alışqanı çıxararaq döşəyi yandıra bilib. Məhkəmə əmindir ki, döşəyin odadavamlı örtüyünü məhz Auri Calloh cırıb, sonra isə onun içindəki məsaməli, tezalışan plastik kütləni yandırıb. Məhkəmə həmçinin bu nəticəyə gəlib ki, Auri Calloh döşəyi yandırmaq üçün alışqandan istifadə edib. Bununla belə, məhkəmə bunu müəyyən etməyə nail olmayıb ki, əgər Auri Calloh kameraya salınmazdan əvvəl üst-başı dəfələrlə ciddi şəkildə axtarılmışdısa, bəs alışqan onda haradan idi.

Gündüz saat təxminən 12-də həbsxananın növbətçi zabitinin otağında həyəcan siqnalı səslənib. Növbətçi isə həyəcan siqnalını söndürüb, çünki ona elə gəlib ki, qurğu öz-özünə işə düşüb. Lakin 10 saniyədən sonra cihaz yenidən işə düşərək siqnal verib. Növbətçi yalnız bundan sonra dərəcə və rütbə etibarilə özündən böyük zabitə müraciət edərək onu bu insident barədə məlumatlandırıb. Növbətçi zabit yenə də siqnal qurğusunu söndürərək Auri Callohun kamerasının açarlarını götürüb və kameraya tərəf qaçmağa başlayıb. Sonra o, geri qayıtmağa məcbur olub ki, bu dəfə də qandalların və digər sıxıcı alətlərin açarlarını götürsün. Hər iki zabit kameraya daxil olanda tüstü otağı o dərəcədə bürüyübmüş ki, orada qalmaq həyat üçün təhlükəli imiş.

Şifahi araşdırmalar zamanı həmin zabitlər kameranın yaxınlığında yanğınsöndürmə balonunun olub-olmaması məsələsi ilə bağlı bir-birinin ardınca ziddiyyətli ifadələr verdilər. Zabitlərdən biri şəxsi maşınların birinə tərəf qaçıb ki, sürücüdən odadavamlı örtük alsın. Dessau regional məhkəməsi bu nəticəyə gəldi ki, Auri Calloh yanğın başlayandan sonrakı ikinci dəqiqədə boğulmadan ölüb. Bu işin təhqiqatını “Amnesty İnternational”ın alman şöbəsi aparıb.

“Amnesty İnternational”ın mövqeyi

 “Amnesty İnternational” bu vəziyyətdən ciddi narahatdır ki, Auri Calloh kamerada lazımi nəzarət olmadan saxlanıb, onun hərəkət imkanları fiziki cəhətdən məhdudlaşdırılıb, polis onun təhlükəsizliyinə müntəzəm nəzarəti həyata keçirməyib və ilk həyəcan siqnallarına məhəl qoymayıb. “Amnesty İnternational” həm də ondan narahatlığını ifadə edir ki, polisin məhbusla belə rəftarına görünür, irq amili də az təsir göstərməyib. 2007-ci il, yanvarın 7-də polis məhbusun qanını analiz etmək üçün həkim çağıranda onların arasında olmuş telefon danışığından da belə nəticəyə gəlmək olar ki, polislərdə Auri Calloha münasibətdə irqçi xurafat olub. 

Dessau regional məhkəməsindəki şifahi araşdırmaların gedişində polis əməkdaşı məhbusa münasibətdə bəzi yanlış ifadələr işlətdiyinə görə üzr istədi. Dessaunun polis rəisi “Amnesty İnternational”ı məlumatlandırıb ki, Dessaunun polis idarəsi yuxarıda xatırladılan həkimin xidmətlərindən imtina edib. Callohun ölümündən sonra Dessau polisinin əməkdaşlarına irqi ayrı-seçkiliyin qadağan olunması ilə bağlı hər halda heç bir treninq keçirilməyib. 

İşgəncələr və amansız rəftar

“Amnesty İnternational” təşkilatının rəyinə görə, alman həbsxanalarında məhbuslarla pis rəftar olunması, o cümlədən ölkənin bütün 16 federal torpağında polisin həddən artıq çox güc tətbiq etməsi ilə bağlı çoxsaylı faktlar qeydə alınıb. Göstərilən insidentlər həbslərin gedişində və saxlanılan şəxslərin polis məntəqələrinə aparılmasında, həmçinin nümayişlər zamanı və futbol oyunlarından əvvəl (və sonra) baş verib. Baxmayaraq ki, Almaniya qanunvericiliyi hüquq-mühafizə orqanlarına saxlanılan şəxslərlə pis rəftarı və işgəncə üsullarından istifadəni qadağan edir. Belə ki, Almaniyanın Cinayət Məcəlləsinə görə (340-cı bölüm, 1-ci paraqraf), “öz xidməti vəzifələrinin yerinə yetirərkən saxlanılan şəxsə işgəncə vermiş, yaxud ona bədən xəsarətləri yetirmiş rəsmi şəxsi üç aydan beş ilə qədər həbs cəzası gözləyir”.

Almaniyada polis məntəqələrindəki işgəncə və amansız rəftar faktlarının cinayət işi kimi araşdırılmasının statistikasının aparılmasına yalnız 2009-cu il, yanvarın 1-dən başlanıb. Lakin bu statistik hesabatlarda işgəncə və amansız rəftar, polislərin həbs edilən şəxslərə istintaqın gedişində bədən xəsarətləri yetirməsi faktlarının araşdırılmasına dair heç bir məlumat yoxdur.

“Amnesty İnternational”ın alman şöbəsi 2008-ci ilin dekabrında Almaniyanın Daxili İşlər və Ədliyyə nazirliklərinə, habelə bütün 16 federal torpağın Daxili İşlər və Ədliyyə nazirliklərinə sorğu ilə müraciət edərək onlardan polisin bədən xəsarətləri yetirmə, hədə-qorxu gəlmə və fiziki məcburetmə əməllərinə qarşı yönəlmiş şikayətlərin sayına dair 2006-2008-ci illəri əhatə edən məlumatları istədi. Açıqlanması tələb olunan məlumatlar arasında polisə qarşı yönələn təhqiqatların və məhkəmə araşdırmalarının, habelə xidməti vəzifələrini yerinə yetirərkən yol verdikləri cinayətlərə görə məhkum olunmuş polislərin sayı barədəki sənədlər də var idi.

Amma Almaniyanın hüquq-mühafizə orqanları göndərilən bu sorğulara cavab kimi dolğun və əhatəli informasiya verməkdən faktiki olaraq imtina etdilər. Hüquq müdafiəçilərinin sorğusuna 15 federal torpağın Ədliyyə nazirliklərindən cavab gəldi. Onların da yalnız 7-si xəsisliklə səthi informasiya verdi. Nazirliklərin cavabları məhkəmə hakimiyyətlərinin üzərinə şikayətlərlə bağlı müvafiq məlumatlar toplamaq öhdəliyi qoyan prosedura edilmiş dəyişikliklərlə, eləcə də 2009-cu il, yanvarın 1-dən etibarən polislərə münasibətdə aparılmış ilkin təhqiqatlarla və onlara qarşı çıxarılan hökmlərlə bağlı idi.

7 federal torpağın müvafiq nazirliklərinin təqdim etdiyi məlumatlara yalnız pis rəftara aidiyyəti olmayan cinayət işləri ilə məşğul olan rəsmi şəxslərə və strukturlara qarşı şikayətlər daxil idi. Bu səbəbdən də həmin məlumatlara əsaslanıb saxlanılan şəxslərlə polis məntəqələrində pis rəftar olunmasına dair şikayətlərin miqyası barədə konkret nəticəyə gəlmək olmazdı. Bu 7 federal torpaqdan yalnız Berlin və Saksoniya federal torpaqları polislərin bədən xəsarətləri yetirməsi ilə bağlı onlardan olunan şikayətlərin sayına dair konkret rəqəmlər təqdim etmişdi.

2007-ci ildə Berlin üzrə polisin öz xidməti vəzifələrini icra edərkən bədən xəsarəti yetirməsinə görə onların bu əməllərinə dair cinayət araşdırması ilə bağlı 278 fakt, 2008-ci ildə isə 548 fakt qeydə alınmışdı (2006-cı il üzrə analoji halların sayı 234 olmuşdu). Berlinin hakimiyyət orqanları cinayət təqibi hallarının sayının 2008-ci ildə artmasını statistik təhlil metodlarına ciddi düzəlişlərin olunması ilə izah edirdilər. Belə ki, 2006-cı ildə Berlində bədən xəsarəti yetirilməsinə görə 21 şəxs, 2007-ci ildə isə 13 nəfər məhkum edilmişdi.

Saksoniyanın Ədliyyə Nazirliyi polis məntəqələrində işgəncə verilməsi halları əsasında 2004-cü ildə 52 cinayət araşdırması faktı barədə məlumat vermişdi. Bu faktların sayı 2005-ci ildə 85, 2006-cı ildə 68, 2007-ci ildə 120 olmuşdu. 2008-ci ildə isə artıq 81 belə təhqiqat aparılmışdı.

Almaniya Ədliyyə Nazirliyinin təqdim etdiyi kifayət qədər cüzi statistik məlumatların təhlili belə bir qeyri-qənaətbəxş nəticəyə gətirib çıxarır: polis əməkdaşlarının vətəndaşlara bədən xəsarəti yetirməsi ilə əlaqədar aparılmış araşdırmaların çox hissəsi bu təhqiqatların məhkəməyə müraciət olunmadan yarıda kəsilməsi ilə başa çatıb. Lakin “Amnesty İnternational”ın alman bölməsinin malik olduğu məlumatlar rəsmi məlumatlarla ziddiyyət təşkil edir. Təşkilatın Berlin ofisinin əməkdaşı Aleksandr Boşun qənaətinə görə, polis əməkdaşlarının amansız rəftarı ilə bağlı şikayətlərin sayı DİN-in və Ədliyyə Nazirliyinin rəsmi hesabatlarında göstərilən rəqəmlərdən əhəmiyyətli dərəcədə çoxdur. Bundan əlavə, Almaniya polisi qəddar rəftar etmə halları ilə bağlı müraciətlərə yalnız qurbanlar polis əməkdaşlarının bu əməllərindən şikayət edəndən sonra baxmağa başlayır ki, bu da İşgəncələr Əleyhinə Beynəlxalq Komitənin tövsiyələrinə ziddir.

Lakin “Amnesty İnternational”ın Berlin şöbəsinin 2011-ci ildə apardığı xüsusi araşdırma nəticəsində aydın olub ki, işgəncələrdən zərər çəkən insanların böyük hissəsi polislərin bu hərəkətlərindən şikayət etməyə görə alacaqları cavabdan ehtiyatlanır, ya da şikayət etməyi perspektivsiz və nəticəsiz sayır. İşgəncələrdən zərər çəkənlərin bir çoxları “Amnesty İnternational”ın Berlin şöbəsinin əməkdaşlarına bildiriblər ki, onların şikayətləri nəinki təmin olunmayacaq, üstəlik polisin cavab hərəkətinə gətirib çıxaracaq. Belə ki, polis şikayətçiləri hakimiyyət orqanları nümayəndələrinə müqavimət göstərməkdə ittiham edə bilər.

“Amnesty İnternational”ın apardığı xüsusi araşdırma materiallarından: “İnsanların polis əməkdaşlarından şikayət etməkdən ehtiyatlanmasına bariz nümunə kimi “C” işini göstərmək olar. “C” nümayişdə iştirak edib və aksiya məkanını tərk etmək tələbinə tabe olmaqdan imtina etdiyinə görə polislər tərəfindən həbs olunub. “C”nin sözlərinə görə, həbs olunan zaman bir və ya iki polis əməkdaşı onun əllərini boynunun dalına qatlayaraq burub sındırıblar, bunun da nəticəsində onun sağ gözündə hematoma yaranıb. O, əlavə edib ki, bununla bağlı heç yerə şikayət etməyib, çünki bunun mənasız olduğuna əmin imiş. Bundan əlavə, onu hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərməkdə ittiham edə biləcək polisin cavab addımından qorxurmuş.

Həqiqətən də bəzi hallarda polis zərərçəkənlərə qarşı cavab addımları atır. JM işində belə olub. Üç polis əməkdaşı öz xidməti vəzifələrini icra edərkən JM-ə fiziki xəsarət yetiriblər və o da 2008-ci il, yanvarın 11-də Vestfaliya federal torpağı polisindən şikayət edib. JM məhkəməyə bədənində çoxsaylı qançır və sıyrıqların olmasına dair tibbi arayış da təqdim edib. Buna cavab olaraq federal polis də yanvarın 15-də JM-ə qarşı hüquq-mühafizə orqanlarına müqavimət göstərmək iddiası ilə qarşılıqlı şikayət ərizəsi verib. Saxta müqavimət faktı üzrə araşdırmaların gedişində isə JM 2008-ci il, martın 13-də federal polis idarəsinə ona xəsarət yetirməkdə günahlandırılan üç zabitlə bağlı istintaqa çağırılıb. Və federal polis idarəsi öz daxili təhqiqatlarından sonra belə qərar verib ki, göstərilən zabitlər qanunun tələblərinə uyğun hərəkət ediblər.

Vuppertal şəhərinin yerli məhkəməsi 2008-ci il, oktyabrın 23-də JM-ə bəraət verib. Məhkəmə eyni zamanda bəyan edib ki, polis tərəfindən təqdim olunan dəlillər əsassızdır. Hakim bu nəticəyə gəlib ki, polis əməkdaşının JM-ə xəsarət yetirməməsi barədə dedikləri sonuncunun bədənində çoxsaylı hematomanın olması üzündən həqiqətəuyğun deyil. Bundan əlavə, hakim qeyd edib ki, JM-in boynundakı qançırlar polislərin qəddar davranışı nəticəsində ona uzunboğaz çəkmələrlə endirilən zərbələrin təsirindən yaranıb.

2009-cu il, fevralın 25-də polislər onlara qarşı irəli sürülən ittiham üzrə ilk dəfə sorğu-sual edildilər. Onlar ifadə verəndən dərhal sonra - 2009-cu il, martın 3-də isə təhqiqatlar faktiki materialın olmaması əsas gətirilməklə dayandırıldı. 2009-cu il, martın 16-da JM məhkəməyə onun işi ilə bağlı araşdırmaların dayandırılmasına dair digər şikayət ərizəsi göndərdi. 2009-cu il, aprelin 29-da baş prokuror onun bu şikayətini rədd etdi. Bunu da belə əsaslandırdı ki, əgər polislərin ifadələri bəzi məqamlarda hətta əsassız kimi qəbul olunsa da bu ifadələr ona görə xüsusi çəkiyə malikdir ki, üç polis əməkdaşı JM-ə güc tətbiq etməyə nəhayətdə məcbur olublar, çünki sonuncu guya həddən artıq aqressivlik göstərirmiş. Baş prokuror digər sübutlara məhəl qoymayıb”.

“Sergey Zayetsin işi və ya “anonim polislər””

Vürtsburq şəhərində polis özbaşınalığının qurbanı olmuş məşhur biatlonçu Sergey Zayetsin işi Avropa İttifaqının aparıcı dövlətində insan haqlarının vəziyyəti ilə bağlı tutqun mənzərənin daha bir vacib ştrixi sayıla bilər. S.Zayets öz evinə qayıdanda orada əynində polis uniforması olan və onun avtomobilinin nömrə nişanını açan tanımadığı adamlarla qarşılaşır. Avtomobilin sahibi onun evinə - şəxsi ərazisinə soxulmuş adamların bu hərəkətinin səbəbini aydınlaşdırmaq istəyir, amma cavabında zorakılıqla üzləşir. Polislər məşhur biatlonçunu döyürlər, əllərini qandallayırlar, onu başı partlamış halda evin artırmasında atıb hadisə yerini tələsik tərk edirlər. S.Zayets uzun müddət xəstəxanada müalicə olunur. Lakin sonra prokurorluq idmançının özünü dəyənəklə silahlanmış polislərə hücum etməkdə ittiham edir.

Yaxud başqa bir səs-küylü iş barədə. Hummersbax şəhərində xüsusi təyinatlılar ahıl mühacir (köçkün), 62 yaşlı Georq Şarfın evinə soxularaq onu huşunu itirənə qədər döyüblər. G.Şarf ona yetirilmiş bədən xəsarətlərinə görə əmək qabiliyyətini itirib. Yalnız onun məşhur alman teleradio yayım şirkəti olan WDR-ə müraciətindən sonra Almaniyada böyük qalmaqal qopdu. Bundan sonra zərərçəkəndən üzr istənildi. Lakin təqaüdçüyə qarşı zorakılıq etmiş polislərin heç biri cəzalandırılmadı.

“Amnesty İnternational”ın mövqeyi

"Amnesty İnternational” hesab edir ki, Almaniya hökuməti öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə və belə faktların beynəlxalq hüququn tələblərinə uyğun şəkildə, ləngimədən, müstəqil surətdə, qərəzsiz və hərtərəfli araşdırılmasını təmin etməyə nail olmayıb. Beynəlxalq hüquq müdafiə təşkilatı ondan narahatdır ki, polisin prokurorluğun nəzarəti altında cinayət təqibini həyata keçirməsini təmin edən mövcud sistem insan haqlarının polislər tərəfindən pozulması ilə bağlı bütün halların ləngimədən, müstəqil, qərəzsiz və hərtərəfli surətdə araşdırılmasına zəmanət vermir. Təşkilat ondan narahatdır ki, bu pozuntular cəzasızlıq mühitinin yaranmasına kömək edir, bununla da ictimaiyyətin polis də daxil olmaqla heç kimin qanundan yüksəkdə dayanmadığını vurğulayan alman qanunvericiliyinə etimadını sarsıdır.

Buna uyğun olaraq “Amnesty İnternational” alman hakimiyyət orqanlarını bu sahədəki vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atmağa çağırır. Təşkilat hakimiyyəti həmçinin Avropa Şurası İnsan Haqları üzrə Komissarlığının tövsiyə etdiyi kimi, polisin mövcud qanunvericiliyi pozması faktlarını araşdırmağa məsul müstəqil strukturların yaradılması məsələsində ciddi fəallıq göstərməyə çağırır.

Avropa Şurası İnsan Haqları üzrə Komissarlığının mövqeyi

Almaniya federal torpaq hökumətlərinin çoxu əhalini polis məntəqələrindəki işgəncələr və amansız rəftar faktları ilə bağlı şikayət etməyin proseduru barədə informasiya ilə təmin etmir. Avropa Şurası İnsan Haqları üzrə Komissarlığı polisin hərəkətlərindən şikayət etmək qaydalarına dair tövsiyələrində bildirir ki, şikayət etməyin qaydaları haqdakı məlumatlar bütün polis məntəqələri tərəfindən dərhal açıq formada verilməlidir. Amansız rəftar faktlarını, o cümlədən nümayiş və mitinqlərdə polisin aksiyaya nəzarəti həyata keçirdiyi zaman ifrat güc tətbiqi hallarını müəyyən edib qeydə almaq ehtimali qanun pozucusunun tapılmaması üzündən bəzi hallarda mümkün olmur.

BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin mövqeyi

BMT-nin İşgəncələr Əleyhinə Komitəsi 2004-cü ildə İşgəncələr Əleyhinə Konvensiyanın müddəalarının Almaniya tərəfindən icrasına dair öz yekun müşahidələrində qeyd edirdi ki, “bəzi hallarda hüquq-mühafizə orqanları tərəfindən qəddar rəftara məruz qalmasından şikayətlənən şəxslərə qarşı cəza tədbirlərinin tətbiq olunması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət xarakterli ittihamlar irəli sürülürdü”.

Komitə öz tövsiyələrində Almaniyanı “cəzasızlıq şəklindəki mümkün müqavimət hallarından, o cümlədən qarşılıqlı ittiham irəli sürülməsindən yayınmaq məqsədilə hüquq-mühafizə orqanlarının əməlləri ilə bağlı bütün şikayətlərin ləngimədən həll olunması üçün bütün lazımi tədbirləri görməyə” çağırırdı.

Bütövlükdə isə beynəlxalq təşkilatlar belə nəticəyə gəliblər ki, alman polisi öz vəzifə öhdəliklərini yerinə yetirərkən saxlanılan şəxslərə, o cümlədən siyasi qaçqınlara münasibətdə işgəncə və amansız rəftar üsullarını geniş surətdə tətbiq edir. Həmçinin beynəlxalq hüquq müdafiə təşkilatlarının tövsiyələrinin ziddinə olaraq müvəqqəti saxlama məntəqələrində saxlanılan şəxslərin video və audio müşahidəsi hələ də təşkil olunmayıb. Beynəlxalq təşkilatlar həmçinin əmindirlər ki, Almaniyanın asayiş qoruyucuları həm Almaniya vətəndaşlarının, həm də immiqrantların hüquq və azadlıqlarına hörmətlə yanaşmağı nəzərdə tutan normalara öz gündəlik fəaliyyətlərində pis riayət edirlər. Digər xalqların nümayəndələrinə, xüsusilə də Avropa məkanına daxil olmayan ölkələrin təmsilçilərinə münasibətdə xüsusi aqressiya nümayiş etdirən polislərin milliyyətçi (irqçi) zehniyyəti xüsusi narahatlıq doğurur.

Beynəlxalq hüquq müdafiə təşkilatları həmçinin insan haqlarının hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə pozulmasına, o cümlədən məhbusların həbsxanalarda ölməsi, qətllər, işgəncələr və digər qeyri-insani və alçaldıcı hərəkətlər, eləcə də irqçilik kimi hallara dair lazımi araşdırma faktlarının olmamasından təəssüflənir.

Növbəti bölmə