RUEN

“İnsan Haqqları Uğrunda” İctimai Birliyin Beynəlxalq Layihəsi

The Decline of Europe

Əvvəlki bölməNövbəti bölmə The Decline of Europe — Beşinci Hissə. Etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi

Beşinci Hissə. Etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi

Əsas səhifə Niyə məhz Almaniya? Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı haqda Monitorinqin məqsədləri, xarakteri və metodologiyası haqda Birinci hissə. Multikulturalizmin böhranı haqda İkinci Hissə. Korrupsiya Üçüncü Hissə. İfadə azadliğinin pozulması Dördüncü Hissə. Almaniyanin penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər və qanunvericilik praktikasındaki qüsurlar Beşinci Hissə. Etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi Altıncı Hissə. Almaniyanın təhsil sistemində insan haqlarına riayət olunması Yekun “İnsan haqları uğrunda” İctimai Birlik

Almaniyada insan hüquqlarının pozulması sahəsindəki ən aktual problemlərdən biri də etiraz aksiyalarının dağıdılması zamanı polis tərəfindən qeyri-adekvat şəkildə güc tətbiq olunması, həmçinin insan haqlarının tez-tez pozulması, müxalifətə təzyiq göstərilməsi və söz və yığıncaq azadlığının məhdudlaşdırılmasıdır.

Son vaxtlar polisin nümayişçilərə qarşı zorakılıq etməsi Almaniyada artıq nadir hallarda rast gəlinən hadisə sayılmır. Belə ki, “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı 2011-ci ilin iyulunda “Polis zorakılığı: cinayətkar məlum deyil” adlı hesabat yayaraq Almaniya polisini belə sui-istifadə hallarına yol verməkdə ittiham etmişdi. Hesabatda bildirildiyinə görə, nümayişlərin mühafizə olunması və dağıdılması əməliyyatlarında əksər hallarda polis iştirak edir. Maska və dəbilqələr geyinən, uniformalarında taktiki simvolika vahidlərindən başqa heç bir şəxsi fərqləndirmə (tanınma) nişanları olmayan polis əməkdaşları yol verilən zorakılığın sərhədlərini çox asanlıqla aşırlar. Nəticədə hətta nümayişçilərin döyülməsi anlarının videoçəkilişi aparılsa da günahkar polis əməkdaşını məsuliyyətə cəlb etmək praktiki olaraq heç vaxt mümkün olmur: onun həmkarları heç bir şahid ifadəsi vermirlər və buna görə də cinayətkar polis əməkdaşının şəxsiyyətini müəyyənləşdirmək qeyri-mümkün məsələyə çevrilir.

Ştutqartda mitinqin dağıdılması

Məsələn, Ştutqartda yeni vağzalın tikintisinin davam etməsinə və bununla əlaqədar şəhər parkında ağacların qırılmasına qarşı keçirilən etiraz mitinqi dağıdılarkən polis suvuran texnika, gözyaşardıcı qaz və dəyənək tətbiq etmişdi. Baxmayaraq ki, nümayiş dinc şəkildə keçmiş və orada əksəriyyəti uşaqlar və yaşlılar olmaqla 50 min nəfərdən 100 min nəfərə qədər adam iştirak etmişdi. Polisin güc tətbiq etməsi nəticəsində 50-si məktəbli olmaqla 400-ə yaxın nümayişçi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq həkimə müraciət etmiş, 26 nəfər isə həbs olunmuşdu. Xəsarətlər deyəndə isə söhbət ilk növbədə gözlərin kimyəvi yanığından, qançırlardan və sındırılmış burunlardan gedir.

Müxalifət güc tətbiqini qeyri-adekvat adlandırıb baş verənlərin araşdırılması üçün parlament komissiyasının yaradılmasını tələb etdi. Müxalifətçi Yaşıllar Partiyasının rəhbəri Cem Özdəmirin sözlərinə görə, “polis nümayişdə dinc şəkildə iştirak edən yaşlı qadınları və gəncləri həddən artıq rüsvayçı şəkildə döydü”.

Ştutqartda dinc nümayişçilərə münasibətdə yol verilən zorakılığın miqyası misli görünməmiş hadisə idi. Əvvəllər söhbət adətən xəsarət almış tək-tük nümayişçilərdən gedirdi, daha onlarla, yüzlərlə mitinq iştirakçısının yaralanmasından yox.

“Human Rights Watch” təşkilatının mövqeyi

Əksər beynəlxalq təşkilatlarla yanaşı “Human Rights Watch” da Ştutqartdakı dinc mitinqin dağıdılmasını və polislərin dinc nümayişçilərə qarşı zorakı davranışını pislədi. Təşkilat ondan narahat olduğunu bəyan etdi ki, Almaniya hakimiyyət orqanları bununla çox təhlükəli presedentin təməlini qoydular. Təşkilat həmçinin Almaniyada dinc nümayişlərin dağıdılması tendensiyasının davam edəcəyindən ehtiyatlandığını ifadə etdi.

Frankfurtda mitinqin dağıdılması 

Yaxud tamamilə yeni bir nümunə. 2012-ci ilin may ayında polis “Frankfurtu işğal et” hərəkatının iştirakçıları tərəfindən təşkil olunmuş icazəsiz etiraz aksiyasını güc tətbiq etməklə dağıtdı. 400-dən çox aksiya iştirakçısı saxlandı, xeyli adam müxtəlif dərəcəli bədən xəsarəti aldı. Hərəkatın fəalları çadır düşərgələri yaratmağa, həmçinin şəhərin müxtəlif hissələrində barrikadalar qurmağa və küçənin gediş-gəliş olan hissəsində oturaq mitinqlər keçirməyə cəhd göstərdilər. Hərəkatın liderlərindən biri olan Tomas Okkupayın (o, təqiblərdən qorxaraq özünün əsl soyadını deməyə ehtiyat edir) verdiyi məlumata görə, insanlar ölkənin ən vacib problemlərini müzakirə etmək üçün çadırlara toplaşmağa başladılar.

“Biz ölkəmizdə demokratiyanın yox, demokraturanın, yəni imitasiya demokratiyasının hakim olduğunu müzakirə edirdik; biz dövlətin bankları xilas edərkən orta və kiçik biznesin xilası barədə hətta heç düşünməməsindən narahatlığımızı ifadə edirdik; biz Almaniyada bank sisteminin düşdüyü kollaps vəziyyətinin dövlətimizin iflasına gətirib çıxara biləcəyindən narahatlığımızı ifadə edirdik; biz ölkəmizin taleyi haqda müzakirələr aparırdıq, amma bizə öz ölkəmiz haqda həqiqəti deməyə icazə vermədilər” - deyə etiraz hərəkatının yaxın gələcəkdə yenidən fəallaşacağını öncədən bildirən Tomas Okkupay danışır.

Aksiyada 1000 nəfərə yaxın adam iştirak edirdi. Lakin polis kütləvi aksiyanı dağıtdı və bir çox polis əməkdaşları bu zaman zorakı üsullara əl atdılar, o cümlədən rezin dəyənəklərindən geniş istifadə etdilər. Xatırladaq ki, bu, “işğalçıların” Frankfurtdakı və Almaniyanın digər şəhərlərindəki düşərgələrinin dağıdılmasına dair ilk belə hadisə deyildi. Polis martda da oxşar üsula əl atmışdı. O zaman polislə toqquşmadan sonra düşərgənin 20-yə yaxın iştirakçısı yüngül xəsarətlərlə xəstəxanalara çatdırılmış, saxlanılanlar da olmuşdu. Polis bu hərəkatın Avropa Mərkəzi Bankının Frankfurtdakı binasının qabağındakı meydanda qurulmuş düşərgəsini də mayın 16-da zor gücünə dağıtmışdı. Onda da yaralananlar və həbs edilənlər olmuşdu. Güc strukturlarının çadır düşərgəsinə 19 may hücumu da çoxsaylı həbslər və vətəndaşların xəsarət alması ilə nəticələnmişdi.

Tomas Okkupayın fikrincə, “Almaniyada kimin mitinq keçirmək icazəsinin olduğunu, kimin olmadığını hökumət özü müəyyən edir, Almaniyada mitinq azadlığına “icazəli hüquq” qüvvədədir”.

Rəsmi hakimiyyət orqanlarının mövqeyi

Berlin polisinin mətbuat katibi Ştefan Redlix hesab edir ki, Almaniya polisi hətta icazəsiz olsalar belə dinc şəkildə keçirilən mitinqləri dağıtmaq hüququna malik deyil. Almaniyada mitinqlərə qadağa qoyulması nəzərdə tutulmayıb, çünki konstitusiya hamının dinc və silahsız şəkildə toplaşmaq hüququnu təmin edir. Buna görə də “icazə verilmir”, yaxud “nümayiş qadağan edilib” kimi formul alman qanunlarına görə, əsassız hesab olunur. Əgər aksiyanın təşkilatçıları yerli hakimiyyət orqanlarına müvafiq ərizə (tələbnamə) təqdim etsələr, onlara mitinq keçirmək icazəsi verilir. Polis əvvəlcədən təyin olunmuş nümayişi yalnız həmin aksiya keçirilərkən vətəndaşların təhlükəsizliyinin təmin olunmayacağı və asayişin pozula biləcəyi halda qadağan edə bilər.

Mətbuat katibi qeyd edib ki, belə qadağa imkanlarından “çox nadir hallarda istifadə olunur”. Halbuki yuxarıda gətirilən nümunələrdən - Ştutqart və Frankfurtda mitinqlərin amansızlıqla dağıdılmasından da göründüyü kimi, Almaniya hakimiyyətinin təmsilçiləri konstitusiya normalarını praktikada pozurlar. Bundan əlavə, Almaniyada icazəsiz (razılaşdırılmamış) mitinq keçirməyə istənilən cəhdin kökü dərhal kəsilir. “Residence pflicht” adlanan və faktiki surətdə antikonstitusion xarakter daşıyan müddəaya uyğun olaraq razılaşdırılmamış (icazəsiz) aksiya keçirməyə cəhd edən mitinqçilər, əsasən də immiqrantlar polis tərəfindən xüsusi ayrılmış ərazilərə salınaraq qanunun pozulması məsələsi ilə bağlı araşdırmalar başa çatana qədər orada nəzarət altında saxlanılırlar. Bizim tədqiqat qrupu Berlində olan anlarda əyalətdən paytaxta yürüş-mitinq keçirməyə cəhd göstərən bir qrup immiqrant saxlanaraq məsələ aydınlaşdırılanadək xüsusi çadır şəhərciyinə salınmışdı. Berlin polisi mətbuat katibinin bəyanatı real vəziyyətlə ziddiyyət təşkil edir: Almaniyada razılaşdırılmamış (icazəsiz) mitinqlər tez-tez polis qüvvələri tərəfindən dağıdılır.

Almaniyada “Lukaşenko işi”

Almaniyada təlim keçən və 2010-cu ilin dekabrında Belarusda keçirilmiş prezident seçkilərindən dərhal sonra müxalifətin Minskdə baş tutan mitinqini qəddarlıqla yatıran Belarus OMON-u işinin üzə çıxması ilə bağlı yaranmış səs-küylü qalmaqal nəinki təkcə Almaniyada və Avropa demokratiyası ölkələrində, eləcə də bütün dünyada böyük əks-səda doğurdu.

Məşhur “Bild” qəzetinin jurnalistləri beynəlxalq demokratik ictimaiyyəti öz araşdırmaları ilə şoka saldılar. Məlum oldu ki, Almaniya polisi Belarus rejiminə nəinki təkcə Minskdəki dinc aksiyaları dağıtmaqda iştirak etmiş qüvvələrin hazırlanmasında yardım edib, Belarusun güc strukturlarını hətta silahlandırıb. Yeri gəlmişkən, bu yardıma kompüterlər və videotexnika, həmçinin zirehli geyim dəstləri, qalxanlar, dəyənəklər və s. daxil idi. Belarus hüquq-mühafizə orqanlarının 100-ə yaxın əməkdaşı Almaniyada treninq keçib. Alman polisi nüvə silahı əleyhinə keçirilən nümayişi dəyənək, suvuran maşınlar və gözyaşardıcı qaz tətbiq etməklə dağıdarkən Belarus polisləri də müşahidəçi kimi orada olublar. Lukaşenko rejiminin dəstəklənməsinə birbaşa Angela Merkel hökuməti tərəfindən sanksiya verilib.

Repressiv bir rejimin təhlükəsizlik qüvvələrinin hazırlığı məsələsində Lukaşenko hökuməti ilə əməkdaşlıq ta 2012-ci ilin may ayına qədər davam etdi.

Bundestaqın sosialistlər fraksiyası bu vəziyyətə aydınlıq gətirilməsi tələbi ilə Almaniyanın Daxili İşlər Nazirliyinə rəsmi sorğu göndərdi. Lakin Almaniya DİN mətbuatda yayılan bu informasiyaları qətiyyətlə rədd edərək bəyan etdi ki, rəsmi Berlin diktatorun təhlükəsizlik qüvvələrinin hazırlığı məsələsində Lukaşenko rejimi ilə heç bir əməkdaşlıq etməyib. Buna baxmayaraq bir müddətdən sonra Almaniya DİN Lukaşenko rejimi ilə əməkdaşlıq faktını etiraf etməyə hər halda məcbur oldu. Almaniya DİN-in elə öz məlumatında deyilirdi: “Alman idarəsi Belarus milisini 2008-ci ildən 2011-ci ilə qədər lazımi ləvazimatlarla, o cümlədən dəbilqə və qalxanlarla təchiz edib. Bundan əlavə, kompüter və videotexnika alınması üçün Belarus milisinə 41200 avro məbləğində yardım göstərilib”.

Bununla yanaşı, Almaniya DİN belorusların rezin dəyənəklərlə təchiz olunması barədəki informasiyaları təkzib etdi. İdarənin nümayəndəsi eyni zamanda qeyd edib ki, federal torpaqların nazirliklərinin Minsklə mümkün əməkdaşlığı haqda informasiyaya malik deyil.

Almaniyada “səudiyyəli qüvvələr işi”

Lakin Belarus təhlükəsizlik qüvvələri Almaniyada treninq keçən və maddi-texniki dəstək alan avtoritar ölkələr siyahısındakı yeganə dövlət deyil. “Ərəb baharı”ndan və Bəhreyndəki etiraz mitinqlərinin amansızlıqla yatırılmasından dərhal sonra məlum oldu ki, Bəhreyn inqilabını qan gölündə boğan Səudiyyə Ərəbistanı DİN-in xüsusi təyinatlı dəstəsi də Berlində təlim keçibmiş.

Almaniyanın Şimali Afrika və Yaxın Şərq ölkələri ilə silah ticarəti sahəsindəki fəal əməkdaşlığı beynəlxalq hüquq müdafiə təşkilatlarının ciddi narahatlığına səbəb olur. “Amnesty İnternational” özünün illik hesabatında Almaniyanın insan haqlarının sistematik şəkildə pozulduğu ölkələrə fəal surətdə silah ixrac etməsindən hiddətini bildirmişdi. Hüquq müdafiəçiləri qeyd edirlər ki, repressiv rejimlərə malik ölkələrə ixrac edilən alman silahından vətəndaşların etiraz aksiyalarının yatırılmasında istifadə oluna bilər.

Növbəti bölmə