RUEN

“İnsan Haqqları Uğrunda” İctimai Birliyin Beynəlxalq Layihəsi

The Decline of Europe

Əvvəlki bölməNövbəti bölmə The Decline of Europe — Monitorinqin məqsədləri, xarakteri və metodologiyası haqda

Monitorinqin məqsədləri, xarakteri və metodologiyası haqda

Əsas səhifə Niyə məhz Almaniya? Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı haqda Monitorinqin məqsədləri, xarakteri və metodologiyası haqda Birinci hissə. Multikulturalizmin böhranı haqda İkinci Hissə. Korrupsiya Üçüncü Hissə. İfadə azadliğinin pozulması Dördüncü Hissə. Almaniyanin penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər və qanunvericilik praktikasındaki qüsurlar Beşinci Hissə. Etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi Altıncı Hissə. Almaniyanın təhsil sistemində insan haqlarına riayət olunması Yekun “İnsan haqları uğrunda” İctimai Birlik

“İnsan haqları uğrunda” İctimai Birlik (Bakı) Almaniyada demokratiya, insan haqları, multikulturalizm siyasəti sahəsindəki real vəziyyəti öyrənmək və bu mövzuya dair müvafiq hesabat hazırlamaq üçün beynəlxalq tədqiqat qrupu yaratmış və 2012-ci il, oktyabrın 25-dən noyabrın 8-dək Berlin, Düsseldorf, Köln, Hamburq və Frankfurt şəhərlərinə ezamiyyət təşkil etmişdi.

Beynəlxalq tədqiqat qrupunun tərkibinə tanınmış jurnalist və hüquq müdafiəçisi, “İnsan haqları uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev, tanınmış politoloq və analitik Zəfər Quliyev, tanınmış hüquq müdafiəçisi, bir çox beynəlxalq təşkilatların eksperti Fuad Həsənov, alman jurnalisti, Almaniyanın WRD teleradio şirkətinin əməkdaşı Elif Şnayder-Kabukçu və Almaniyanın Mətbuat Siyasəti İnstitutunun rəhbəri Leonard Nov daxil idilər. Məşhur alman jurnalisti, təhsil sahəsi üzrə tədqiqatçı Karl-Haynts Heyneman da sonradan həmin hesabatın hazırlanmasına cəlb olunmuşdu.

“Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya proqramının rəhbəri Hyuq Vilyamson və bu təşkilatın referenti Vüqar Qocayev, “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatının alman filialının əməkdaşı Aleksandr Boş, Almaniyada multikulturalizm problemi üzrə tədqiqatçı, professor Susanne Ştempler, “Sərhədsiz reportyorlar” təşkilatının alman şöbəsinin eksperti Ulrika Qruska tədqiqat qrupunun Almaniya səfərinin gedişində ona öz məsləhət və tövsiyələri ilə bilavasitə konsaltinq xidməti göstərmişdilər.

 Qrup təxminən iki həftə ərzində - Almaniyada multikulturalizmin böhranının və milli-dini tolerantlığın səviyyəsinin aşağı düşməsinin (neonasizm əhval-ruhiyyəsinin artımı fonunda) monitorinqinin həyata keçirilməsi, hökumətin miqrasiya siyasətinə yeni yanaşmalarının təhlili, hüquq-mühafizə, məhkəmə və penitensiar sistemlərində insan hüquqlarının pozulması faktlarının öyrənilməsi, söz və mitinq azadlığının boğulması halları ilə tanışlıq çərçivəsində böyük həcmdə tədqiqat işi aparmışdır. Monitorinq qrupu hökumət məmurları, deputatlar, partiya funksionerləri, beynəlxalq təşkilatların və etnik-dini icmaların nümayəndələri, elmi-yaradıcı, mətbuat və ictimai-siyasi çevrələrin üzvləri, həmçinin Almaniya əhalisinin müxtəlif təbəqələrindən olan insanlarla çoxsaylı görüş və söhbətlərinin gedişində audio və videoyazı üsullarından və müsahibə metodundan yararlanmaqla tədqiq olunan mövzuya dair zəruri həcmdə informasiya və böyük faktoqrafik material toplaya bilmişdir.

 Monitorinq qrupunun üzvləri səfər zamanı aşağıdakı təşkilatlarda və şəxslərlə görüş və söhbətlər keçirib:

- “Human Rights Watch” təşkilatının Berlin ofisində;

- “Sərhədsiz reportyorlar” təşkilatının Berlin ofisində (təşkilatın icraçı direktoru Kristian Mihr ilə);

- Almaniyanın Xarici İşlər Nazirliyində (nazir müavini, Ombudsman Markus Löninqlə);

- Almaniyanın Xarici İşlər Nazirliyində (nazirliyin aparat rəhbəri Feliks Şvartsla);

- Almaniya hökumətinin miqrasiya, qaçqınlar və inteqrasiya siyasəti məsələləri üzrə Komissarı Hone Deihimi ilə);

- Almaniya kanslerinin ofisində miqrasiya siyasəti şöbəsinin müdiri Jens-Uve Tomasla;

- Berlinin məşhur Balhaus teatrının rəhbəri, dramaturq Tuncay Kulaoğlu ilə;

- Alman-Türk Mərkəzinin rəhbəri, görkəmli ictimai xadim Kənan Kolatla;

- Məşhur Dünya Mədəniyyətləri Evinin rəhbəri Silviya Feyrmanla;

 - Almaniyadakı Rusiya və Ukrayna diasporlarının fəalları Tatyana Forner və Zoya Tulburqla;

 - Görkəmli alman tədqiqatçısı və rejissoru Kristian Ştayl ilə;

 - Vestfaliya federal torpağının əmək, inteqrasiya və sosial məsələlər naziri Günter Şnayderlə;

 - Tanınmış tədqiqatçı-alim, professor Hacı Xəlil Uslucanla;

 - Vestfaliyadan olan deputat (Sosial-Demokrat Partiyası), məşhur vəkil Klaus Hopştadla;

 - Deputatlar Serab Gülər (Xristian-Demokrat fraksiyası) və Arif Ünalla (Yaşıllar fraksiyası), həmçinin Köln şəhər bələdiyyəsinin rəhbəri Korneliya Vitsak-Yunqe (Yaşıllar Partiyası) ilə;

 - Almaniyanın qocaman və məşhur WDR teleradioşirkətində;

 - Almaniya Azad Demokratlar Partiyası (FDP) aparatının sosial siyasət şöbəsinin rəhbəri Roland Lippeklə;

 - Almaniyanın nüfuzlu “Ştern” qəzetinin dünyaca məşhur və populyar müəllifi Katya Qlogerlə;

 - “Frankfurtu işğal et!” hərəkatının təşkilatçıları və fəal üzvləri Tomas Okkupay, Tomas Dirlix, Pablo Yakobe, Vebke Yaqls və digərləri ilə;

 - Tədqiqatçı-alimlər dr.Barbara Bekker və Hans-Peter Kilquss ilə;

 - Almaniyanın yığıncaqlar azadlığı haqqındakı qanununun tələblərindən irəli gələn qaydaları pozmuş şəxslər üçün nəzərdə tutulan xüsusi çadır düşərgəsində (Berlində);

 - 2005-ci ilə qədər Frankfurtda fəaliyyətdə olmuş deportasiya həbsxanasında (əvvəllər burada gestaponun məhbəsi yerləşib);

 - Kölndəki Nasist tarixi və Xolokost qurbanlarının xatirə muzeyində (əvvəllər burada yəhudilərin filtrasiya mərkəzi yerləşib).

Tədqiqat qrupu bütün bu çoxsaylı görüş və söhbətlərdə təkcə lazımi qeydlər götürməyə yox, həm də bu suallara cavab tapmağa çalışırdı: Multikulturalizm Almaniya kimi tolerant bir ölkədə nəyə görə iflasa uğradı? İnsan haqları, söz və yığıncaq azadlığı məsələləri həddən artıq firavan olan bu ölkədə nəyə görə demək olar ki, elə dekorativ demokratiyaya malik ölkələrdə olduğu qədər aktuallıq kəsb etdi? İctimai narazılıq və etiraz aksiyaları, korrupsiya qalmaqalları faktları bu ölkədə niyə tez-tez baş verdi? Qisasçılıq hissləri və neonasist əhval-ruhiyyə alman cəmiyyətində nədən belə böyük dəstək qazanmağa başladı?

Müasir Almaniyanın həyatındakı narahatlıq doğuran yenilikləri dərk edən tədqiqat qrupu Avropa dəyərlərinin devalvasiyası ilə Qərbin artıq demək olar ki, əlini üzdüyü ölkələrdə demokratik rüşeymlərin süqutu arasındakı qarşılıqlı əlaqənin səbəbini tapmağa səy göstərirdi. Qrup aparıcı Qərbi Avropa ölkələrindəki, o cümlədən Almaniyadakı demokratik resessiyanın təzahürlərini araşdırmağa və bu meyllərin postsovet ölkələrində, habelə bu sahədəki əngəllərin daha çox olduğu problemli demokratiya ölkələrində gedən demokratikləşmə proseslərinə mümkün təsirlərini tədqiq etməyə çalışırdı.

Növbəti bölmə